Civəyə görə həbs edilmiş hərbçilərlə bağlı QƏRAR

Ali Məhkəmədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq növbə rəisi Həsən Həsənovun və tanışı Məmməd Məmmədovun (hər ikisinin adları şərtidir – red.) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Globalinfo.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan, 1962-ci il təvəllüdlü Həsən Həsənov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Məmməd Məmmədov da həbs olunub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə iş açılıb və 2021-ci il, oktyabrın 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, hərbçi Məmməd zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə altı qram civə də müəyyən edilib.

Açılmış cinayət işinin materialları bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü ilə Həsən Həsənova 4 il, Məmməd Məmmədova isə 4 il 6 ay müddətinə həbs cəzası verilib. Sumqayıt Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.