DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Globalinfo.az-a Baş prokurorluqdan məlumat verilib.

Baş prokurorluğun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul edib.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin, ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınnın ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyinin Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.