“DTX ilə bağlı qərar həm də terrorçuluğa qarşı yönəlib” – Sabiq nazir

Dünən məlumat yayıldı ki, bankların və notariusların DTX qarşısında yeni öhdəlikləri yaranıb. Bu haqda Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı alim Fikrət Yusifov deyib ki, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunların icrası ilə bağlı bəzi hüquqi aktlarda edilən dəyişikliklərlə bankların, notariusların Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qarşısında yeni vəzifələri müəyyən olunub”.

Sabiq nazirin sözlərinə görə, bu, həm də terrorçuluğun maliyyələşdirilməsinin qarşısını alır:

“Yada salaq ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Fikrət Yusifov

Eyni qayda ilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydalarını müəyyən edir”.

F.Yusifov deyib ki, beləliklə, yeni qaydalara görə banklar, notariuslar sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri, sanksiya tətbiq edilməli olan fiziki şəxslərin və qurumların mülkiyyətində və ya nəzarətində olan aktivləri onların sahiblərinə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verməlidirlər:

“Bu qanunların tətbiqi ölkəmizdə cinayət yolu ilə əmlakların leqallaşdırılmasının və ölkəmizdə terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində mütərəqqi bir addım kimi dəyərləndirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az