DTX Naxçıvanda növbəti əməliyyat keçirdi, 3 nəfər saxlanıldı – Ardı var…

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.

Globalinfo.az Naxçıvanda yeni həbslərin olacağı ilə bağlı bu günlərdə yazmışdı. Jurnalist Heydər Oğuz saytımıza açıqlamasında bunları demişdi:

“Məndə olan məlumatlara görə, Naxçıvanda proseslər səngiməyib. Sadəcə prosesi DTX apardığından, öz iş prinsipinə uyğun olaraq onu məxfilik şəraitində yürüdür. Hər gün Naxçıvandan Bakıya xeyli sayda adam gətirilir və onlardan öz iş fəaliyyətlərində yol verdikləri nöqsanlarla bağlı ifadələr alınır. Görünən budur ki, Naxçıvanda Vasif Talıbov hakimiyyətinin cinayətlərinə dair genişmiqyaslı dosye hazırlanır. Bu isə Naxçıvan hakimiyyətinin ən yüksək yetkililəri ətrafında araşdırmaların davam etdiyini göstərir”.

Jurnalist həmkarımızın proqnozları doğruldu. Görünür Naxçıvanla bağlı mərkəzi hakimiyyətin başlatdığı proses hələ xeyli müddət çəkəcək. Bəs prosesin hansısa mərhələsində Vasif Talıbovun həbsi gözlənilirmi? 

Bu suala Heydər Oğuz belə cavab vermişdi: “Məsələ burasındadır ki, həm Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, həm onun oğlu Seymur Talıbov, həm də “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov MR Ali Məclisinin deputatıdırlar. Deputatların isə toxunulmazlıq statusu var. Vasif Talıbov bu gün baş verənləri 2020-ci ilin əvvəlində hiss etdiyindən hər iki şəxsə deputat mandatı verib toxunulmazlıqlarını təminat altına alıb. Onların saxlanılmadan əvvəl toxunulmazlıq statusu qaldırılmalıdır. Buna isə Naxçıvan Ali Məclisi qərar verə bilər. Yəqin razılaşarsınız ki, Ali Məclis Vasif Talıbovun iradəsindən asılı olduğundan belə bir qərar qəbul etməz”.

Gülnar Səlimova

Globalinfo.az 

DTX-dən Naxçıvanda növbəti əməliyyat