
Bu gün qloballaşan dünyada sürətli inteqrasiya üçün diaspor və lobbi fəaliyyətinin təşkili həyati əhəmiyyət kəsb edir. Hətta hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin millətinin həmrəyliyi ilə müəyyən edilir.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və sonrasında diqqət ayırdığı sahələrdən biri də məhz diaspor və lobbi fəaliyyətidir.
Ümumiyyətlə, diaspor quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev əvəzolunmaz işlər görmüşdür. Ulu öndərin gördüyü işlər sayəsində dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olundu.
Bu gün isə diaspor və lobbi fəaliyyətinin əsas məqsədi Qarabağ zəfərini dünya ictimaiyyətinə çatdırmaq, ölkə xaricində yaşayan soydaşlarımız bir arada, bir məqsəddə təşkilatlandırmaqdır.
Globalinfo.az-a danışan politoloq Kamran Sultanlı deyib ki, Azərbaycanın diaspor və lobbi fəaliyyəti həqiqətən son zamanlar inkişaf edib:
“Polşada yaşayan biri kimi deyə bilərəm ki, bu dəyişimi əyani şəkildə mən hiss edirəm. Özüm də bu prosesin içərisindəyəm. Ən önəmli dəyişim kimi gənclərin bu gün diaspor və lobbi fəaliyyətinə cəlb edilməsini demək olar.
Bu gün ölkə xaricində təhsil alan minlərlə gənc var. Bu gənclər ilə qurulan təmaslar onların təşkilatlanması ölkəmizi xaricdə həm təmsil etməsi, həm də tanıtması istiqamətində təşviqat aparılır. Əvvəlki illərə baxanda son zamanlar xüsusilə koordinasiya yaradılıb.
Dövlətimiz xaricdə kitab buraxılması, tədbirlərin keçirilməsi, ölkəmizin tanıdılmasına dəstək olur. Bu prosesə gənclərin cəlbi isə xüsusilə əhəmiyyətlidir. Çünki bəzi gənclər təhsil həyatından sonra oxuduqları ölkələrdə qalır. Onların bu qərarından sonra da ölkəmizə xidmət etməsi, tanıdılması baxımından koordinasiyanın və dəstəyin olması mühümdür.

Diaspor fəaliyyətdində dövlət dəstəyi var, amma əslində bu fəaliyyət dövlətdən ayrı təşkil edilir. Yəni çox insan elə bilir mütləq dövlət dəstəyi olmalıdır. Əslində dövlət dəstəyi fəaliyyəti gücləndirmək məqsədli olur. Diaspor fəaliyyəti hər şeydən öncə könüllüdür. Amma bütün hallarda dövlətimizin dəstəyi, diqqəti təqdirəlayiqdir”.
K. Sultanlı deyib ki, dövlətdən başqa bu fəaliyyətə xaricdə yaşayan azərbaycanlı iş adamları da dəstək olmalıdır:
“Hesab edirəm hazırda ən böyük əskiklik bəlkə də budur. Yəni dövlət dəstəyindən başqa həm də xaricdə yaşayan iş adamları diaspor, lobbi fəaliyyətində dəstək verməlidir. Müqayisə üçün deyim ki, erməni diasporu bu məsələni həll edib. İş adamları diaspora dəstək verdikləri üçün bu qədər güclüdür.
Düzdür, bəzi xaricdə yaşayan iş adamları dəstək verir, amma bu, kütləvi hal almalıdır. Diasporun gücü birlik, bərabərlikdədir. Buna görə dövlət xaricdə yaşayan azərbaycanlılar və iş adamları bir vəhdət kimi hərəkət etməlidir”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi”.
Turan Rzayev
Globalinfo.az
