Donuz qripi və COVID-19 hücuma keçib – infeksionistdən xəbərdarlıq

Dünyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb. Eyni zamanda, bir çox ölkələrdə donuz qripi və digər respirator infeksiyalara yoluxma halları da çoxalıb.

ABŞ-ın bəzi ştatlarında və İspaniyanın turizm bölgələrində məcburi maska rejimi tətbiq edilib. ABŞ səhiyyə xidmətinin məlumatına görə, son günlər 29 min insan koronavirusdan, 15 min nəfər isə qripdən ağırlaşmalar səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Analoji vəziyyət Türkiyədə də özünü göstərməyə başlayıb. Belə ki, insanlar Türkiyə xəstəxanalarının reanimasiya şöbələrində çarpayı tapmaq üçün günlərlə növbə gözləməli olurlar. Xüsusilə İstanbulda vəziyyət kəskindir. Həkimlər bildiriblər ki, COVID-19, donuz qripi və digər tənəffüs yolları xəstəliklərinin “üçlü hücumu” epidemiyaya çevrilib.

Dünyada, eləcə də qardaş Türkiyədə tüğyan edən vəziyyət ölkəmizdə də narahatlıq doğurur. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir?

Globalinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazovun haqqin.az-a verdiyi məlumata görə, hazırda Azərbaycanda hava-damcı yolu ilə yayılan bir sıra virus infeksiyaları müşahidə olunur:

“Mövsümi qrip və digər respirator virus infeksiyaları tez-tez baş verir. Yeni koronavirus infeksiyasına yoluxma halları da var, baxmayaraq ki, onların sayı azdır. Bundan başqa qızılca da yayılmaqdadır. Bu virus infeksiyalarının bəziləri pnevmoniyaya səbəb ola bilər”.

Təyyar Eyvazov

İnfeksionistin sözlərinə görə, bu halların baş verməsi virusun növü və patogenliyi, yoluxmuş şəxsin yaşı, sağlamlıq durumu və immun sisteminin vəziyyəti, ciddi yanaşı gedən xəstəliklərin olub-olmaması, eləcə də digər amillərlə bağlıdır. Eyvazov risk qrupundan olan insanlara yoluxma və fəsadların qarşısını almaq üçün peyvənd etməyi, həmçinin xəstəliyin əlamətləri görünəndə dərhal həkimə gəlməyi tövsiyə edib. O, qeyd edib ki, həkim resepti olmadan antibiotiklərin istifadəsi və özünü müalicə cəhdləri yolverilməzdir və bu, fəsadlara səbəb ola bilər.

Təyyar Eyvazov onu da bildirib ki, ABŞ-da qeydə alınan yeni COVID-19 ştamının Azərbaycanda yayılması ilə bağlı məlumat yoxdur:

“Yuxarıdakıları nəzərə alaraq, biz ictimaiyyəti qarşıdakı aylarda daha diqqətli olmağa çağırırıq. Tənəffüs yoluxucu xəstəlik əlamətləri olan şəxslər mümkün qədər özlərini təcrid etməli, insanların çox olduğu yerlərdən uzaq durmalı, ictimai nəqliyyatda maskadan istifadə etməlidirlər. Bu cür tədbirlər universal olmaqla təkcə koronavirusdan deyil, həm də qripdən və digər kəskin respirator virus infeksiyalarından qorunmağa kömək edir. Ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir və narahatlığa əsas yoxdur”.

Vaqif Qarayev 

Bununla yanaşı, pediatr Vaqif Qarayev bildirib ki, uşaqlar arasında qızılca, göy öskürək, suçiçəyi, skarlatina və mövsümi tənəffüs yolları xəstəlikləri yayılmaqda davam edir. Xəstələr əsasən peyvənd olunmamış uşaqlardır.

Globalinfo.az