Tramp iki böyük müharibəni belə “dayandıracaq”

“Dünyada nə neqativ hadisə baş verirsə, keçmiş ABŞ prezidenti Donald Tramp bunda Ağ Evin hazırkı sahibi Cozef Baydeni və onun administrasiyasını günahlandırır. Tramp növbəti dəfə prezident seçkisinə hazırlaşdığına görə Ağ Ev administrasiyasını istənilən mövzuda tənqid edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Donald Tramp HƏMAS qruplaşmasının İsrailə hücumunu ABŞ-ın zəifliyi kimi qiymətləndirib:

“Tramp hesab edir ki, İsrailə hücum dünyada ABŞ-ın gücünə inam azaldığına görə baş tutub. “Bizi zəif kimi görməyə başlayıblar” deyən Tramp ölkəsinin liderinin zəif olduğunu xatırladıb. Tramp bildirib ki, o, prezident seçkisində qələbə qazanarsa, İsrailə dəstəyini artıracaq, Fələstinə isə heç bir dəstək verməyəcək.

Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fərqli mövqeyə malikdir. Trampın fikrincə, Ukraynaya dəstək Avropa İttifaqının dəstəyi qədər olmalıdır. O, Rusiya-Ukrayna müharibəsinin maliyyə yükünün Amerikanın üzərindən götürülməsi vacibliyini irəli sürüb. Bu o deməkdir ki, Tramp növbəti seçkidə qələbə qazanarsa, ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı azala bilər. Bu isə Ukraynanı ağır vəziyyətə sürükləyə bilər. Ona görə də Ukrayna müharibədə dönüş yaratmaq istəyirsə, bunu Cozef Baydenin prezidentlik müddəti bitənə qədər reallaşdırmalıdır”.

Elxan Şahinoğlu

E.Şahinoğlu deyib ki, Tramp Rusiya-Çin ittifaqına görə də Cozef Baydenin və ondan əvvəlki prezident Barak Obamanın məsuliyyət daşıdığını bildirib:

“Bu məsələdə haqlıdır. Rusiya-Çin ittifaqı ABŞ-a əlavə problemlər yaradıb. Moskva və Pekin yalnız ittifaqla kifayətlənmir, beynəlxalq məsələlərdə mövqelərini yaxınlaşdırırlar. Moskva və Pekinin çoxqütblü dünya yaratması təşəbbüsləri də ABŞ əleyhinədir. Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə Çin-Rusiya ittifaqını zəiflədə biləcək. Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi məhdudiyyətlərin təşəbbüskarı olub”.

Turan Rzayev
Globalinfo.az