“Direktorun hökmdar obrazını canlandırması müsbət qiymətləndirilə bilər…” – Ekspertdən açıqlama

Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrul obrazına bənzədib. Direktor zala daxil olarkən müavinləri “Qalxın, sultan gəlir” deyiblər.

Direktorun tədbirdə söylədiyi açılış nitqi də ayrıca tənqid hədəfinə çevrilib.

Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov məsələ ilə bağlı Globalinfo.az-a bunun həm müsbət, həm də mənfi məqamlar üzrə qiymətləndirilə biləcəyini qeyd edib:

“Ölkədə 4 432 məktəb var və onların hər biri öncədən təsdiq olunmuş tədris planına əsasən bayram və əlamətdar günlərdə tədbirlər təşkil etməlidirlər. Məktəbin pedaqoji şurası bu tədbirləri mütləq şəkildə təsdiqləməlidir. Çünki bəzi məqamlar hədəf kütlə üçün yanlış informasiyanın formalaşmasına səbəb ola bilər. 124 nömrəli məktəbdə keçirilən şənlikdə direktorun Ərtoğrul obrazını canlandırması təbii olaraq müsbət bir hal kimi qiymətləndirilə bilər. Amma burada bir neçə xüsusi məqam var.

İlk olaraq məktəb direktoru ssenarini öncədən təsdiq etməli idi, biz təhlil edərkən burada kifayət qədər məktəbə uyğun olmayan ifadələrə yer verildiyini görürük. Hər hansı ssenari tərtib edilən zaman orada yer alan ifadələrin şagirdlərin yaş xüsusiyyətləri və psixologiyasına uyğunluğu mütləq nəzərə alınmalıdır”.

Mütəxəssis tarixi səhnəciklərin sadəcə doğru şəkildə təşkil edildiyi zaman şagirdlər üçün faydalı ola biləcəyini söyləyib:

Baş rolda məktəb direktorunun çıxışı şagirdlər arasında normal münasibətlərin tənzimlənməsi üçün müəyyən qədər vacib amildir. Ümumilikdə isə bu səhnəciyin Novruz bayramı ilə hansısa əlaqəsi yoxdur. Səhnəcikdə Ərtoğrul bəyin qədim türklərin ənənəsində olan Novruz şənliyinə münasibətini canlandıra bilərdilər. Gördüklərimiz isə bu adət-ənənələrə uyğun deyil. Obrazlı oyunlar şagirdlərə tarixi faktlar öyrənməyə, yaxud onlarda maraq oyatmağa xidmət edə bilər. Amma tədbir Novruz bayramı münasibətilə keçirilirsə, aradakı bağlılıq göstərilməli idi. Müəllim-şagird münasibətlərinin tənzimlənməsi üçün bu tipli oyunlar müsbət qiymətləndirilsə də, ümumi Novruz ab-havası ilə bu səhnəcik üst-üstə düşmür”.

Qeyd edək ki, məsələ ilə bağlı 124 nömrəli məktəbin açıqlamasında məktəb direktorunun şagirdlərin dünya görüşünün genişləndiirlməsi və onların bədii təxəyyülünün inkişaf etdirilməsi məqsədilə 10 dəqiqə müddətində çıxış etdiyi qeyd edilib.

Ayşən Mustafa
Globalinfo.az