Dini Komitənin tenderinin qalibi niyə tur şirkəti olub? – Açıqlama

Bir neçə gün əvvəl Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalması tenderinə yekun vurub. Məlumata görə, qalib tur şirkəti (RR Travel Company) olub.

Bəs sözügedən Komitə ilə tur şirkətini nə birləşdirir? Niyə hər hansı bir dini qurum yox, məhz tur şirkəti qalib seçilib?

Məsələ ilə bağlı Globalinfo.az Komitəyə sorğu göndərib.

Sorğuya cavab olaraq bildirilib ki, Dövlət Komitəsi 2023-cü ildə “Dini maarifləndirmə tədbirləri”nə dair işlərin və xidmətlərin satınalmasının açıq tender üsulu ilə “Dövlət satınalmaları haqqında” Qanuna müvafiq olaraq müsabiqə keçirib və “RR Travel Company” qalib elan edilib:

“Nəzərinizə çatdırırıq ki, müsabiqə ilə bağlı ətraflı məlumatı dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərsiniz”.

Asif İbrahimov

Mövzu haqda saytımıza açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə, ola bilər ki, tur fəaliyyətini həyata keçirən qurumlar vergi qeydiyyatından keçən zaman bir neçə fəaliyyət növü seçiblər (əsas və yardımçı fəaliyyət növləri):

“Onlar tur şirkəti olsa da, təlim, tədbirlərin təşkili kimi işləri həyata keçirirlər. Burada ziddiyyət görmürəm. Çünki tenderi elan edən qurumun adı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi olsa da, fəaliyyət sahəsi tur şirkətinə yaxın sahədir. Belə ki, dövlət satınalmaları “Dövlət Satınalmaları haqqında qanun”un tələbləri əsasında həyata keçirilir. Bu, əsasən iki mərhələdən ibarət olur – Təşkilati və hüquqi sənədlər ora yüklənir”.

İqtisadçının sözlərinə görə, tender elan edənlərlə tenderdə iştirak edənlər bir-birlərini görmürlər:

“Sənədlər onlayn portal vasitəsilə daxil edilir. Əgər orada hər hansı bir tələblərdən kənara çıxma halları varsa, fəaliyyət sahəsi uyğun deyilsə, avtomatik olaraq həmin tender elan edən təşkilat tərəfindən, tenderlərin keçirilməsinə nəzarət edən antiinhisar və İqtisadiyyat Nazirliyinin müvafiq qurumu tərəfindən ləğv edilir. Ona görə də düşünmürəm ki, burada qanun pozuntuları baş versin. Əgər hər hansı bir qanun pozuntusu olsaydı, həmin təşkilatın sənədləri qəbul edilməzdi”.

Zaira Akifqızı
Globalinfo.az