Dini Komitə 1 həftə düşündü, axırda bu cavabı verdi

Rayonlarda axundlarla bağlı vəziyyət narahatedicidir. Hətta Ramazan bayramında onların bir neçəsinin adı hallandı. Bayramın ayın 21-i yox, 22-si olması ilə bağlı fətva verdiklərinə dair məlumatlar yayıldı. Maraqlıdır, Dini Komitə bununla bağlı araşdırma aparacaqmı? Axundların təyinatı hansı meyarla olur? Hazırda neçə axund var və onların neçəsi İranda təhsil alıblar? Bu cür risk daşıyan şəxslərlə bağlı araşdırma aparılırmı?

Globalinfo.az aprel ayının 25-i məsələ ilə bağlı sualları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanlayıb.

Nəhayət may ayının 1-i sorğumuza cavab olaraq bildirilib ki, Dövlət Komitəsinin bayram günlərində ibadət evlərində apardığı monitorinqlərdə Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurasının Ramazan bayramının qeyd edilməsi ilə bağlı fətvasına ciddi şəkildə riayət edildilib:

“Bayram namazının 21 aprel tarixində qılındığı müşahidə olunub. Bəzi məscidlərdə bayram namazının qılınmaması bərədə xəbərlərə gəlincə isə, təbii ki, bu hallar araşdırılacaq və dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirəcək”.
Digər suallara gəlincə isə nədənsə, qurum cavablandırmayıb.

Zaira Akifqızı
Globalinfo.az