Həmin yeniyetmə xəstəxanaya yerləşdirilib – Rəsmi

Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn şəxs valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin  sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi olan 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.

***10:13

Bir neçə gündür Bakıda yeniyetmənin ictimai yerlərdə qeyri-adekvat hərəkətlər etməsini əks etdirən görüntülər yayılır. O, avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır.

Globalinfo.az xəbər verir ki, sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib. Həmin görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri, eləcə də sakinlər bunu paylaşan şəxsin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. Qurumun əməkdaşı Nurlan Əliyev bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb: “Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.