DİM süni intellektin tətbiqinə başlayır

“Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün ilk növbədə 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur”.

 

Globalinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur: “Daha kütləvi imtahanların bu formata keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır. Daha bir vacib hədəfimiz – rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır. Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur.

Nəhayət sonda DİM öz fəaliyyətində süni intellektin tətbiqinə başlayır ki, bu da hədəflərimizə çatmağa, nəticə etibarı ilə vətəndaş məmnunluğunu artırmağa imkan verəcək”.