Deputatların müharibə çağırışı etməsi düzgündürmü?

Milli Məclisin martın 5-də keçirilən iclasında deputatlar Qüdrət Həsənquliyev və Fəzail Ağamalı müharibə motivli çıxışlar etdilər. Xaricdən yayınlanan bəzi internet televiziyaları və ölkədə fəaliyyət göstərən radikal siyasi qruplar hər iki deputatı sərt tənqid edib. Bu məsələdə əsasən Qüdrət Həsənquliyev hədəfə alınıb. Onu Rusiyaya bağlı olmaqda, Moskvanın tapşırığı ilə hərəkət etməkdə ittiham edirlər.

“BayMedia”ya müsahibəsi zamanı Qüdrət Həsənquliyev ona ünvanlanan ittihamlara “Məni Rusiya yönlü olmaqda günahlandıranlar keçdiyim yola baxıb utansınlar. Rusiya ilə dost olmağı ölkəmizin həyati mənafeləri tələb edir. Məhz bu siyasət Qarabağın işğaldan azad olunmasını təmin etdi” deyib.

Maraqlıdır, deputatların təklifi niyə aqressiv qarşılanır və bu çağırış müəllifləri casus kimi damğalanır?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, deputatların səsləndirdiyi fikirlər onların subyektiv yanaşmalarıdır və təbii olaraq müzakirəyə açıqdır:

“Hesab edirəm, deputatların dedikləri qədər onlara qarşı irəli sürülən ittihamlar da başadüşüləndir. Bu onların mütləq belə olduğu mənasına gəlmir.

Mən ümumiyyətlə məsələyə tamam fərqli prizmadan baxılmasının tərəfdarıyam. Belə ki, regionda ciddi bir qeyri-müəyyənlik var. Belə olan təqdirdə həm Ermənistan, həm də Azərbaycan tərəfi atacağı addımlarda sərbəstdir.

İki ölkə münasibətlərinin normallaşmasına dair universal bir sənəd yoxdur. Misal üçün, bu, ilkin sülh sənədi, ya da qarşılıqlı hücum etməməyə dair saziş ola bilər. Ancaq qeyd etdiyim kimi, başqa bir sənəd hələ ki imzalanmayıb. Tərəflər, hətta rəsmi səviyyədə ərazi bütövlüyünü tanımır.

Belə olan təqdirdə rəsmi Bakı regionda maraqlarına zidd olan təhlükələri dəf etməkdə sərbəstdir. Deputatları bu mənada belə bir məsələdə tənqid etmək başadüşülən olsa da, doğru deyil”.

Turan Rzayev
Globalinfo.az