Keçmiş Kənd Təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması haqda xəbər vermişdik. Nazir olmadan əvvəl ASAN Xidmət kimi uğurlu layihənin icrasında sınaqdan çıxan, KTN kimi korrupsioner bir sistemdə nisbətən şəffaf mühit yarada bilən İ.Kərimovu məhkəmə sistemində də çox ağır, məsuliyyətli bir dövr gözləyir.
Ramiz Rzayevlə məhkəmə-hüquq sahəsində islahatlara başlamağın mümkün olmadığı məlumdur. Hazırda da məhkəmə sisteminə müdaxilə çoxdur. Bəs İ.Kərimov sistemdəki köhnə qurdlarla baş edə biləcəkmi?
Globalinfo.az-a danışan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, İnam Kərimov vəzifəsini yaxşı icra etməyi bacaracaq.
“Əminəm ki, bu istiqamətdə görülən işlərə daha da böyük təkan veriləcək və islahatlar bütün sahələrdə olduğu kimi, Ali Məhkəmədə də davam etdiriləcək. İnam Kərimovda problemləri həll etmə potensialı var. Biz bunu əyani şəkildə görmüşük. Hara gedibsə, orada uğurla fəaliyyət göstərib”, – deyə millət vəkili bildirib.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, İnam Kərimovun təqdimatı Milli Məclisə daxil olan zaman geniş müzakirə olunub.
O bildirib ki, komitə üzvləri İ.Kərimovun peşəkar hüquqşünas olduğuna diqqət çəkib və plenar iclasın müzakirəsinə təqdim olunub:
“İ.Kərimovun fəaliyyəti millət vəkillərinə bəllidir və onun haqqında hər hansı bir fikir səsləndirməyə ehtiyac yoxdur. Çünki o, real həyatda atmış olduğu addımlarda özünü təsdiq etmiş bir soydaşımızdır.
Adam Azərbaycanın brendi olan və çoxsaylı ölkələrdə də tədbiqi həyata keçirilən ASAN xidmət konsepsiyasını uğurla icra etdi. ASAN-ın yaradılmasında onun böyük xidmətləri var. Digər tərəfdən onun kənd təsərrüfatı üzrə mütəxəssis olmaması kimi fikirlər səsləndirilirdi.
Ancaq onlar belə fikir səsləndirməklə ciddi yanlışlığa yol verirdilər. Çünki İnam Kərimov həm yük səksəviyyəli intellektə malikdir, həm də yüksək səviyyədə ali təhsil almış şəxsdir”.
Millət vəkili deyib ki, İnam Kərimov kənd təsərrüfatı naziri kimi, öz vəzifəsini uğurla yerinə yetirə bilib:
“Ən vacibi isə kənd təsərrüfatında korrupsiya və neqativ hallara son qoyuldu. Adam nazirliyin şəffaflığını, təmizliyini təmin etdi. Sabiq nazir köklü olaraq hüquq fakultəsini bitirib. O, xarici ölkələrdə də təhsil alıb, alimdir.
F.Ağamalı bildirib ki, İ.Kərimov Ali Məhkəmədə özünü uğurlu və peşəkar təqdim edəcək:
“İstəmərəm keçən şəxsin arxasınca danışım. Lakin Ramiz Rzayev tamamilə fərqli bir hüquqşünas idi. Təbii ki, zamanında o da Azərbaycan məhkəmə sisteminə öz imkanları daxilində töfhələr verib. Amma dövrün, zamanın çağırışları fərqlidir.
Ölkə başçısının 2018-ci ildən başlanmış olan islahatlarında məhkəmə-hüquq sisteminin yeri və rolu xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Prezidentin niyyəti məhkəmə-hüquq sistemində köklü, əsaslı və inqilabi xarakter daşıyan islahatlar keçirməkdir. Bunu da keçə biləcək adam özünü dövlət xadimi kimi təsdiq edən İnam Kərimovdur.
İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də ən doğru seçimi etdi. Əminəm ki, İ.Kərimov ona göstərilən etimadı doğruldacaq və biz qarşıda məhkəmə-hüquq sistemində bütün neqativ halların aradan qaldırılmasının və bu sahədə ciddi islahatların aparılmasının şahidi olacağıq. Fürsətdən istifadə edib İnam Kərimova məsuliyyətli fəaliyyətində uğurlar arzu edirəm”.
Zaira Akifqızı
Globalinfo.az