Deputatın sərt tənqidinə agentlik cavab verdi – Tıxac mübahisəsi

“Yolların düzəldilməsi yaxşıdır, amma günün günorta çağı yox da”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib.

O, günorta saatlarında yollarda aparılan təmirlərin tıxaca səbəb olmasından narazı olduğunu bildirib:

“Bir saatdır vacib görüşə tələsirəm, amma heç cür Neftçilər prospektinə çıxa bilmirəm. Yaxşı olar ki, təmir gecə 12:00-dan səhər saat 6:00-a kimi aparılsın. Yoxsa, şəhər vətəndaşlarına yüzlərlə psixiatr tələb olunacaq”.

Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Neftçilər prospekti ərazisində agentlik tərəfindən hər hansı bir iş aparılmır:

“Ümumiyyətlə, yollarda təmir işlərini həyata keçirərkən, iş gecə saatlarında başlayıb, səhər saatlarına qədər yekunlaşırsa, bəzən bu barədə ictimaiyyətin məlumatı olmur. Əgər təmir işi gecə saatlarında başlayıb, bir neçə gün davam edəcəksə, bunun gecə və ya gündüz saatlarında başlamasının önəmi yoxdur. Çünki təmir bir neçə gün davam etmiş olur. Gecə saatlarında işləyib, səhər saatlarında yolu açıb, gecələr yenə təmir işi aparmaq mümkünsüzdür”.

Anar Nəcəfli deyib ki, təmir bir neçə gün davam edəcəksə, artıq burada yol bağlanmır:

“Müəyyən hissələr üzrə qismən məhdudlaşma olmaqla bu işlər həyata keçirilir. Əgər işlər uzun müddət davam edərsə, o zaman yollar tam bağlanır ki, təmir tez bir zamanda yekunlaşsın.
Biz də agentlik olaraq başa düşürük ki, təmir işlərinin aparılması istər-istəməz vətəndaşlara, sürücülərə problem yaradır. Amma nəticədə o təmir işlərinin aparılması, vətəndaşların da, sürücülərin də rahatlığı üçündür”.

Zaira Akifqızı
Globalinfo.az