Deputatımız Duma üzvünü üzr istəməyə çağırdı

Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevdən Azərbaycandan və onun parlamentindən üzr istəməyə çağırıb.

Globalinfo.az-ın xəbərinə görə, o, “Report”a bildirib ki, O.Matveyçev bir neçə gün öncə erməni-rus birləşmiş bir saytına müsahibəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, tamamilə absurd fikirlər söyləyib.

V.İskəndərov xatırladıb ki, 1970-ci ildə Kemerovo vilayətinin Novokuznetsk şəhərində anadan olan O.Matveyçev gənc vaxtlarında klublarda DJ kimi fəaliyyət göstərib: “Bu populist oğlan o dövrdə gecə həyatında öz şəhərinin vazkeçilməz gənclərindən biri olub. Onu qısaca belə təsvir edə bilərik ki, 1986-1987-ci illərdə uzun saçlı, “metalist” paltarı geyinməklə gecə klublarında DJ-liklə məşğul idi. Gənc DJ 1993-cü ildə Ural Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib və həmin ildə aspiranturaya daxil olub. “İstedadlı” yeniyetmə 1995-ci ildə artıq Hegeldən dissertasiya da müdafiə edib və fəlsəfə elmləri namizədi adını alıb. 1990-cı illərin sonunda isə Rusiya Elmlər Akademiyası yanında Fəlsəfə İnstitutunda elmi işçi olaraq çalışıb və sonradan yeni bir sənət öyrənməyə başlayıb”.

Parlament üzvü bildirib ki, rusiyalı deputat seçkiqabağı kampaniyalarda siyasi məsləhətçi obrazına girir:

“1999-cu ildə yarı DJ, yarı siyasi məsləhətçi olan Oleq Moskvaya böyük arzuların dalınca gedir və bir sıra kütləvi informasiya vasitələrində işləməyə başlayıb. Müxtəlif sahələrdə fərasətini sınamağa cəhd edib. O, humanitar və innovasiya sahəsində çalışıb, siyasətdən proqnozlar verib. Bu müddətdə isə Moskva Dövlət Universitetində dərs deməyə başlayıb, yenə də köhnə vərdişlərindən qalmayaraq yay və qış məktəblərində, düşərgələrdə müəllimlik edib. 2006-cı ildə Rusiya Prezident Administrasiyası yanında daxili siyasətlə bağlı məsləhətçi işləyib. 2007-2020-ci illərdə necə olubsa, professor adı da almağa nail olub və Ali İqtisad Məktəbində professor kimi fəaliyyət göstərib. Siyasətə qoşulan bu siyasi oyunbaz o dövrlər üçün aktiv fəaliyyətə girişib və yeni bir cərəyan formalaşdırıb. Sayt yaradıb və saytda “divandan qalxmadan protest et” aksiyası başladıb. Bununla da “divandan qalxmadan” insanlara ləkə atmağa başlayıb”.

V.İskəndərov söyləyib ki, O.Matveyçevin ilk hədəfi Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa olub. Sonradan Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysı hədəfə alıb və beləcə vərdişkara çevrilib: “O, sağa-sola baxmadan siyasi fiqurları təhqir edir. Bu “əməllərinə” görə mükafatlandırılıb və 2010-cu ildə Volqaqrad vilayətinin qubernatorunun müavini vəzifəsinə təyin olunub. Orada informasiya siyasətini kurasiya edib. Hətta 2018-ci ildə Vladimir Putinin seçki öncəsi qərargahına da üzv olub”.

V.İskəndərov əlavə edib ki, O.Matveyçev yaxın dostları Vladimir Solovyov, Roman Babayan və digərləri ilə proqramlarda olur, hətta “Moskva 24” kanalında aparıcılıq da edib: “Oleq birdən-birə jurnallarda yazı yazmağa başlayıb və artıq beynəlxalq səviyyədə Rusiyanın bir çox siyasətçilərinə şər-böhtanlar atır. Hətta fikirlərində müəllif hüquqlarının qorunmasının da əleyhinə çıxır. Onun fikrincə, bu heç kimə lazım deyil. Müəllif hüquqlarını qorumağa ehtiyac yoxdur. Hətta plagiatlığın qanuni sayılmasının da tərəfdarı olduğunu bildirir”.

Milli Məclisin deputatı vurğulayıb ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini hər sahəyə əl atan “yarımçıq papaqçı” kimi kitab yazmaqla da məşğul olub. Onun kitabı “Korrupsiyanın mifləri” adlanır: “Bu kitabda kimlə həmmüəllif olur? Artyom Akopyanla və bu, bizi təəccübləndirməyəcək. Artıq buradan da hiss olunur ki, onun ermənilərə xüsusi rəğbəti var. Həm yazılarında, həm də fikirlərində ermənilərə olan hədsiz sevgisini çatdırır. Bu “xidmətlərinə” görə 2022-ci ildə Rusiyanın hakim partiyasından Dövlət Dumasına deputat seçilib. Qonşu ölkələrin daxili işlərinə qarışmaqla özünə çörək qazanmaq yolunu tutan bu “siyasi oyuncaq” Qazaxıstandakı protestlərə də çox ədəbsiz və faşist münasibət sərgiləyib. Bu ölkədə baş verən etiraz aksiyalarında iştirak edən insanların mülklərini araşdırıb. Onları təhqir edib, hətta avtomobillərinin yandırılmasına, həyat yoldaşlarının zorlanmasına çağırıb, bu azmış kimi kəskin fikirlər söyləyib. Bir müddət sonra bu fikirlərinə görə ictimai şəkildə üzr istəyib”.

Rusiya-Ukrayna müharibəsi başlayanda isə O.Matveyçev Rusiyanın 10 gün sonra Kiyev, Odessa, Zaparojye və s. şəhərləri tutacağını, Ukraynanın isə məhv olacağı iddi edib.

“Təbii ki, o, bu və digər fikirlərinə görə ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya, Yeni Zelandiya kimi ölkələr tərəfindən sanksiyaya məruz qalıb. Ancaq yenə də öz çıxışları ilə həm Avropa İttifaqının rəhbərlərini, həm də digərlərini təhqir etmək peşəsindən qalmır. Korrupsiyanın kökünün kəsilməsindən danışan, korrupsiyaya “yox deyən” amma özü bu bataqlığın içində “qurbağa” kimi yaşayan Matveyçev çox zəngin və varlı həyatı ilə də bir çoxlarına özünə qibtə etdirə bilir. Necə olursa onun Avropada evləri üzə çıxır, qızının adına əmlaklar meydana gəlir. Qızı Lidiya Tuçkovski Cenevrədə yaşayır, elə orada da işləyir”, – V.İskəndərov söyləyib.

Milli Məclisin deputatı bildirib ki, O.Matveyçev qızına İspaniyanın Barselona şəhərində toy edib və özü də tez-tez Avropaya səyahətə gedir: “Maraqlıdır ki, Rusiyada fəaliyyət göstərən “Zaman fondu” onun anasının adınadır. Bu fond seçki öncəsi fəaliyyətləri ilə daha çox məşhurdur. 2020-2021-ci illərdə dövlət büdcəsindən həmin fonda 285 milyon rubl pul ayrılıb”.

Deputat qeyd edib ki, bu avantürist insan artıq Azərbaycana da ləkə atmağa başlayıb: “Bir neçə gün öncə erməni-rus birləşmiş bir saytına Azərbaycanla bağlı həqiqətə uyğun olmayan tamamilə absurd fikirlər söyləyib. Öz yaramazlığını bir daha Azərbaycan ictimaiyyətinə də tanıdıb. Bəlkə də Azərbaycan və Türkiyə ilə bağlı fikirlər söyləməsəydi nə Türkiyə, nə də Azərbaycanda bu antipot insanı kimsə tanıyardı.

Əslində onun tanınması heç bizə lazım da deyil. Sadəcə Rusiya hakim partiyası tərəfindən Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini vəzifəsini icra edən bu insanın belə yanlış ifadələr işlətməsi, həqiqətə uyğun olmayan fikirlər söyləməsi hər halda düşündürücüdür. İnanmıram ki, o, həqiqətin hansı tərəfdə olduğunu, beynəlxalq hüququn, ədalətin kimin tərəfində olduğunu bilməsin. Əlbəttə Oleq bunları bilə-bilə edir. Rusiyada erməni media maqnatlarından və digərlərindən pul qopartmaq eşqinə düşüb. Bu yolla onların xoşuna gəlmək və gələcəkdə artıq o fondlardan böyük maliyyə almaq arzusundadır. Bu yolda ona köhnə erməni dostları dəstək verir. Belə avantürist və siyasət şarlatanı olan insandan istifadə etməyə başlayıblar. Əslində bu istifadəyə özü icazə verir”.

V.İskəndərov bildirib ki, belə insanların Rusiya və Azərbaycan arasında olan münasibətlərə kölgə salması təəssüf doğurur: “Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə yazdığı məktubda da bu məsələlər qeyd olunur və iki ölkə arasındakı münasibətlərə belə fikirlərin xələl gətirə biləcəyi vurğulanır.

Əlbəttə, bu cür bəyanatlar Rusiyanın vasitəçilik fəaliyyətinə kölgə salır. Regiondakı vəziyyət, uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səylər, habelə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrasına mane olur. Çünki Rusiya istər Soçi, istər Moskva görüşlərində sülh prosesinin sürətlənməsinə çalışdığını nümayiş etdirsə də, belə bəyanatlar bu fəaliyyətin obyektivliyinə mane olur, həm də erməni dəyirmanına su tökməkdi.

Türkiyə-Azərbaycan münasibətlərinin başqa cür izah edilməsi, regionda təxribatların, gərginliyin artması, görünür, kimlərinsə marağındadır. Bu yanaşmanın da arxasında hansı qüvvələrin durduğu gün kimi aydındır. Düşünürük ki, həqiqətən də Dövlət Dumasında Azərbaycan Parlamentlərarası işçi qrupunda olan deputatlar, həmçinin sədrdən başlayaraq Dumanın üzvləri, Azərbaycanla dost olan digər deputatlar Oleq Matveyçevin bu fikirlərinə kəskin etirazlarını bildirməli və dərhal onun Azərbaycandan üzr istəməsini tələb etməlidirlər. Çünki bu, hazırkı vəziyyətdə Rusiyaya da baş ucalığı gətirmir, Matveyçev bütün bunları bilərəkdən, məlumatı ola-ola edir və qeyd etdiyimiz kimi fikirlərinin arxasında bir çox məqsədlər durur. Belə qənaətə gəlmək olar ki, o, bununla təkcə özünə yox, həm də Dövlət Dumasının fəaliyyətinə xələl gətirə bilər. Ona görə də Rusiya Dövlət Duması hərəkətə keçməli, Azərbaycandan, Azərbaycan parlamentindən üzr istəməsini tələb etməlidir”.