Bazarlarda kəskin bahalaşma: deputat təklif irəli sürdü

“Bazarlarda ciddi bahalıq var və həm də səbəbi dünyada gedən proseslərdir. Onun üçün də aparılan mübarizələrə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir. Bu da əhalimizin kasıb hissəsinə təsir edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, hökumət, İqtisadiyyat və Maliyyə Nazirlikləri tərəfindən tədbirlər görülür:

“Təklif edirəm ki, xaricdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyəti dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın”.

Deputatın ikinci təklifi isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılması ilə bağlı olub:

“Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var”.

Zaira Akifqızı
Globalinfo.az