Deputatdan təklif: “Vergidən azad olunsun…”

“Bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilk hal bu ilin fevral ayında baş verib:

“Depozit məbləği 27 milyon manat azaldı. Bu, 2021-ci ilin avqust ayından sonra ilk azalma idi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqust ayının 1-nə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşdü”.

V.Bayramov deyib ki, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir:

“Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət portfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir. Bu kontekstdən daha məqsədəuyğun olardı ki, “Vergi Məcəlləsinə” dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun”.

Deputat təklif edir ki, qorunan əmanətlər vergidən azad olunsun:

“Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

Zaira Akifqızı
Globalinfo.az