Deputat Vüqar İskəndərov: “Böyük Qayıdış başlayıb və bu proses uğurla davam edir”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu da səbəbsiz deyil. Çünki məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni darmadağın etdi və torpaqlarımızın işğalına son qoyuldu”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hər bir azərbaycanlı qürur hissi ilə deyir ki, tarixi qələbə qazanaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq:

“Prezident İlham Əliyevin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bəyan etdiyi kimi, danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi: “Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik”.

Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də uğurlu addımlar atır, mühüm layihələr həyata keçirir. Təbii ki, bu layihələrin mərkəzində də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsi dayanır”.

V.İskəndərovun sözlərinə görə, müharibədəki qalibiyyətimizdə olduğu kimi, bu işlərin mərkəzində də Prezident-xalq birliyi dayanır:

“Məhz bu birlik, məhz xalqımızın Prezidentə verdiyi dəstək sayəsində necə ki, müharibədə qalib gəldik, eləcə də postmüharibə dövründə uğurlu addımlar atırıq. Qeyd edim ki, dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər də həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Artıq sürətlə quruculuq və abadlıq işlərinin aparıldığı qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb və bu proses uğurla davam edir”.

Deputat qeyd edib ki, elə cənab Prezident İlham Əliyevin Laçın və Kəlbəcərə son səfərlərinə də bu kontekstdən yanaşmaq lazımdır:

“Bu səfərlər zamanı istifadəyə verilən yeni infrastruktur layihələri, Kəlbəcərdə Zar kəndinin təməlinin qoyulması, həmçinin, bəzi yerlərdə davam etdirilən işlərlə tanışlıq məmnuniyyətlə onu deməyə əsas verir ki, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır”.

Globalinfo.az