Deputat və hərbi ekspert Tovuz döyüşləri ilə bağlı mühüm məqamları açdılar

Bu gün Tovuz döyüşlərindən 3 il ötür. Bu döyüşlər Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan hadisə oldu. 44 günlük müharibədə Ordumuzun, xalqımızın qələbəni əldə edə bilməsi baxımdan mühüm mərhələ hesab edilən Tovuz döyüşləri barədə bəzi suallar aktual olaraq qalır.

Ermənilər niyə Azərbaycana məhz Tovuzdan hücum etdilər? Burada məqsəd nə idi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Tovuz döyüşlərində ermənilərin əsas məramı, məqsədi məhz strateji yüksəklikləri ələ keçirib həmin mövqelərdən ərazilərimizə nəzarəti təmin etmək idi:

“Təsəvvür edin ki, istər Qaraqaya, istərsə də digər strateji yüksəkliklər 20 kilometrə yaxın əraziyə nəzarətin saxlanılması deməkdir. Ermənilər Tovuz döyüşləri zamanı müxtəlif silahlardan istifadə edərək şərti dövlət sərhədində yaşayan Tovuz sakinlərini qorxutmaq və ordan çıxartmağa çalışırdı. Ancaq onlar buna nail ola bilmədi. Çünki Tovuz sakinləri mərdi-mərdanə dayandılar.

30 il ərzində tovuzlular ermənilərin xislətinin nədən ibarət olduğunu yaxşı öyrənib. Buna görə də şərti dövlət sərhədinə yaxın ərazilərdə yaşayan hər bir insan yaxşı bilir ki, ermənilər hücum edərsə nələr baş verər. Buna görə də ciddi hazırlıq gedirdi.

Arzu Nağıyev

Digər tərəfdən Tovuz döyüşləri zamanı mövqelərdə yerləşən ordumuz peşəkar, cəsur, bir o qədər də hazırlıqlı idi. Onu da deyim ki, ordu istəsə idi, Ermənistana keçib düşməni daha sarsıdıcı şəkildə məğlub edə bilərdi.

Ermənistan Tovuz döyüşləri ilə Azərbaycanı öz ərazisinə çəkib KTMT-ni prosesə cəlb etmək istəyirdi. Lakin Azərbaycan bunun fərqində olduğu üçün Ermənistanın tələsinə düşmədi. Bundan başqa KTMT Azərbaycanla gərginlikdən çəkindi. Belə ki, təşkilata üzv ölkələrin hər birinin ayrı-ayrılıqda Azərbaycan ilə münasibətləri yüksək səviyyədədir. Və bu ölkələrin heç biri Ermənistan üçün Azərbaycanla münasibətləri korlamaq istəmir.

Tovuz döyüşləri həm də erməni ordusu ilə bağlı dünyada yayılmış mifi aradan qaldırdı. Hər kəs gördü ki, iki ölkə arasında güc, texnologiya fərqi hansı səviyyədədir.
Nəticə etibarilə Tovuz döyüşləri 44 günlük müharibədə qələbəmizin təməlini qoydu. Qazilərimiz, Şəhidlərimiz oldu bu döyüşlər zamanı. Hər birinə Allahdan rəhmət diləyirik. Tovzu döyüşləri başda Ali Baş Komandan İlham Əliyev olmaqla ordumuzun, xalqımızın qələbəsidir”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinə aparan mühüm qələbələrdən biri idi:

“Azərbaycan ordusu Tovuz döyüşlərinə qədər Aprel döyüşlərində, Günnüt döyüşlərində erməni tərəfinə sübut etmişdi ki, istənilən təxribatın qarşısını ala bilərik.

Azərbaycan xalqı, ordusu və silahlı qüvvələrin Ali Baş Komandanı bir-birinə daha sıx birləşərək bir dəmir yumruq kimi oldu. Azərbaycan ordusu düşmənin hücumları qarşısında geri çəkilmədi, əksinə, düşməni əvvəlki mövqelərinə qayıtmağa məcbur edərək onun çox sayda itki verməsinə səbəb oldu.

Ədalət Verdiyev

Polad Həşimovun düşmən təxribatları nəticəsində şəhid olması isə ümumilikdə xalqımızın səbir kasasının daşmasına gətirib çıxardı. Torpaqlarımızın azad olunması istiqamətində sosial sifarişi formalaşdırdı.

Biz nə Tovuz döyüşlərində, nə də digər təxribatlar zamanı hərbi qulluqçularımızın qanını yerdə qoymamışıq. Tarixi torpaqlarımızda dalğalanan bayrağımız da bunu sübut edir”.

Turan Rzayev
Globalinfo.az