“Torpaqlarımız işğaldan azad olunduqdan sonra artıq beynəlxalq səviyyədə Azərbaycanın tranzit ölkə kimi deyil, hədəf ölkə kimi adının çox nadir hallarda hallandığını görə bilirik. Bu da bizim ən böyük uğurlarımızdan biridir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bu sahə spesifik olmaqla yanaşı, bir sıra cinayətkarlıq istiqamətlərini əhatə edir:
“Buraya insan alveri, narkomaniya, cinsi istismar, uşaq hüquqları və digər məsələlər daxildir. Buna görə də bu problemlərlə mübarizə aparmaq peşəkarlıq tələb edir. Ən vacib məsələlərdən biri dövlət orqanları arasında düzgün koordinasiyanın qurulması, vətəndaş cəmiyyəti institutlarının bu sahədə peşəkar fəaliyyətinə şərait yaradılması və onların dəstəklənməsidir.
Sevindirici haldır ki, Daxili İşlər Nazirliyi ölkə üzrə bu sahənin məsuliyyətini dərk edərək bütün prosesləri peşəkar şəkildə tənzimləyə bilir. Bu da həmin istiqamətdə kriminal fəaliyyətlərin azalmasının əsas səbəblərindən biridir.
Bu sahədə parlamentin də yüksək səviyyədə rolunu xüsusi vurğulamaq istəyirəm. Erkən nikahlara qarşı qanunvericilikdə sanksiyaların sərtləşdirilməsi, fahişəliyin peşəyə çevrilməsinin qarşısının alınması ilə bağlı maddələrin qanun layihələrinə əlavə edilməsi bu sahədə fəaliyyət göstərən qurumların işini xeyli asanlaşdırıb və onlar üçün mühüm dəstək olub”.
Millət vəkili bildirib ki, burada əsas problemlərdən biri qeyri-hökumət təşkilatlarının prosesdə daha aktiv iştirakını təmin etməkdir:
“Hesab edirəm ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları – “Təmiz Dünya” İctimai Birliyi Mehriban Zeynalovanın, eyni zamanda Qadın Hüquqları Müdafiə Cəmiyyəti Novella Cəfəroğlunun və uşaq sığınacağı Kəmalə Ağazadənin rəhbərliyi ilə mühüm işlər görür.
Övladına sahib çıxmayan valideynlərin uşağına dövlət sahib çıxılmalıdır. Xarici ölkələrdə də bu praktika mövcuddur. Dövlət, hətta valideyn nəzarətində olan, lakin valideynin düzgün münasibət göstərmədiyi uşaqlara belə dərhal sahib çıxır. Bu da onu göstərir ki, uşaq müəssisələrinin sayı və infrastrukturu artırılmalıdır. Belə hallarda uşaqlar dövlət himayəsinə götürülərək sağlam mühitdə böyüdülməlidir. Çünki bizim üçün sağlam vətəndaşların yetişməsi olduqca vacibdir”.
Safura Bənnayeva
Globalinfo.az