Deputat “saxta diplom” iddiasından danışdı: “Baxın, bu da sübut” – FOTO

“O vaxt eyni anda iki universitetdə təhsil almaq mümkün idi. Mən Azərbaycan Beynəlxalq Universitetinə (ABU) ödənişli əsaslarla qəbul olmuşdum. Hətta ödənişi də etmişdim”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadənin oğlu, millət vəkili Əliabbas Salahzadə diplomunun saxta olması xəbəri haqda danışarkən deyib.

O bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“ABU-ya qəbul olunsam da, dərsə davamlı getmədim. Vikipediada mənim 1995-ci ildə universitetə qəbul olunmağımla bağlı yazılanlar saxtadır. Mən həmin illərdə universitetə hazırlaşırdım. Bilirsiniz ki, Vikipediada düzəliş etmək mümkündür və kimsə 26 fevral 2023-cü il tarixində orada redaktə edib. Bunu kimin etdiyi barədə bir söz deyə bilmərəm. Bəlkə, kimsə bilməyərəkdən edib, bəlkə də qəsdən yazıb ki, haqqımda yanlış fikir formalaşsın”.

Ə.Salahzadə vurğulayıb ki, 1997-ci ildə Aviasiya Akademiyasına qəbul olub:

“Orada təhsilimi əyani şəkildə davam etdirmişəm. Həmin təhsil ocağında əsl hərbi xidmət abu-havası var idi: nəinki dərsdən qalmaq, hətta gecikmək də qadağan idi”.

Qeyd edək ki, demokrat.az saytı millət vəkili Əliabbas Salahzadənin Azərbaycan Beynəlxalq Universitetindən saxta diplom alması barədə məlumat yayıb. Bildirilib ki,  Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib, ancaq ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub.

Ə.Salahzadə diplomunun fotosunu Globalinfo.az-a təqdim edib:

Zaira Akifqızı
Globalinfo.az