Deputat onu tənqid edənlərə cavab verdi

“Ağlı başında olan insanlar mənim kasıblar üçün marketlərin yaradılması təklifimi normal qəbul edir, qeyri-adekvat, işsiz-gücsüz avaralar da öz ağıllarına uyğun qarşılayırlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında deputat Razi Nurullayev onun dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin rayonlarda, həm də şəhərlərdə açılması təklifini tənqid edənlərlə bağlı danışarkən deyib.

O bildirib ki, bütün dünyada əhalinin həssas təbəqəsi, dövlətdən yardım alan insanlar üçün xüsusi marketlər mövcuddur:

“Məsələn, ABŞ-da bu cür marketləri Qeyri Hökumət Təşkilatları açır və özlərində kasıb təbəqənin siyahısı olur. Kasıb insanlar da nə vaxt istəsələr, oradan bazarlıq edə bilirlər və hətta ödəniş etmirlər. Mən o marketdə bir neçə dəfə olmuşam, xüsusi olaraq aparıb göstəriblər.

Almaniyada da görmüşəm. Lakin orada bu cür marketləri əsasən miqrantlar üçün açırlar. Çünki onlar kasıb yaşayırlar. Yerli əhali isə yaxşı dolanır. Mən miqrantları 4-5 dolu araba ilə görəndə təəccüblənirdim ki, görəsən, bu qədər yeməyi hara aparırlar. Bizdə isə hökumət yarmarkalar açıb ki, qiymətlər ucuz olsun. Amma inzibati yolla həyata keçirilir. Bu, həll yolu deyil. Hökumətin özünün ehtiyatları olmalıdır. Fond yaradıla bilər ki, imkanlı şəxslər də ora yardım üçün pul köçürə bilsinlər və o cür marketlər saxlanılsın. İmkansız insanların siyahısı kifayət qədərdir”.

Deputat tənqid edənlərin fikrini önəmsəmədiyini bildirib:

“Tənqid edən insanlar var ha, bəlkə də özləri saxta sənəd düzəldib gedib o cür mağazalardan alış-veriş etmək istəyərlər. Onlar bu cür əqidə sahibidirlər, onlara maraqlı təklif lazım deyil. Mən bunu normal insanlar üçün deyirəm. Bəzi yaxşını pis başa düşən kəslərə niyə fikir verək ki? Hamısı ara qarışdırmaqla və avaraçılıqla məşğuldurlar. Onlara ən böyük cəza qulaqardı edib fikir verməməkdir”.

Zaira Akifqızı
Globalinfo.az