Deputat: “Görünür, hər il 10 minlərlə insanın köçürülməsinin şahidi olacağıq”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Məlum olduğu kimi “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə məcburi köçkün öz ata-baba yurdlarına köçür. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı deyib ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Maraqlıdır, 2024-cü il üzrə bu proqramla daha neçə vətəndaşın öz doğma yurd-yuvalarına qayıdışı gözləniləndir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, “Böyük Qayıdış” prosesi çox sürətli formada həyata keçirilir:

“İlkin hədəfə əsasən 2026-cı ilə qədər 140 min köçkün öz dədə-baba yurduna qayıdacaq. Hazırkı işlərin gedişatına baxdıqda sözügedən prosesin həyata keçməsi çətin məsələ deyil. Vətəndaşlarımızın qısa müddət ərzində torpaqlarına qayıtması üçün dövlət lazımi addımları atır. Artıq 2024-cü il ərzində 10 minlərlə insanın doğma yurdlarına köçdüyünün şahidi olacağıq. Məsələn Füzuli, Laçın və Ağalıda bir neçə min insanın yerləşdiyinin şahidiyik. 2026-cı ilə qədər də müəyyən rəqəm planlaşdırılıb. Proseslər olduqca sürətli formada həyata keçirilir. Belə davam edərsə, rəqəmlər də arta bilər. Görünür, hər il 10 minlərlə insanın köçürülməsinin şahidi olacağıq və bir neçə ildən sonra bu rəqəm 100-150 mini də keçəcək”.

Politoloq Ramiz Alıyev Prezident İlham Əliyevin andiçmə mərasimində xüsusilə “Böyük Qayıdış” proqramına toxunmasına münasibət bildirib:

“Ölkə başçısı işğaldan azad etdiyimiz torpaqlarda düşmən tərəfindən basdırılmış minaların təmizlənməsindən və buraya köç edəcək vətəndaşlarımızın rahat və təhlükəsiz yaşaması haqqında da qısa məlumat verdi. Bu ondan xəbər verir ki, prezidentimiz üçün vətəndaşlarımızın təhlükəsizliyi, xalqımızın sabit, firavan yaşaması çox vacibdir.

“Böyük Qayıdış” planı çərçivəsində ilkin mərhələdə 140 min vətəndaş öz tarixi torpaqlarına köçürüləcək. Onlar üçün yüksək səviyyədə hazırlanmış mənzillərdə rahat yaşayacaqlar. Yalnız mənzillərin hazırlanması deyil, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün yeni iş yerləri təqdim olunacaq. Eyni zamanda infrastruktur layihələri, biznes qurumlarının yaradılması da plana daxildir”.

Politoloqun fikrincə, 2030-cu ilə qədər 140 mindən də artıq əhali öz yurd -yuvalarına köçürüləcək:

“Başqa ölkələrdə işğaldan azad olunmuş torpaqlarda bu cür sürətlə köçürülmə mexanizmləri həyata keçirilmir. Bizdə isə əksinədir, əhali təhlükəsiz şəkildə köçürülür. Həmin torpaqlarda ermənilər infrastrukturu, evləri və s. dağıtmasaydı, ərazilərimiz bu qədər minalanmasa idi, əhalinin qayıdışı daha qısa müddəti təşkil edərdi. Azərbaycanı yeni mərhələdə böyük yeniliklər gözləyir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış””

Safura Bənnayeva
Globalinfo.az