Deputat Fazil Qasımovun həbsindən danışdı

Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı daha bir nəfər Türkiyədə saxlanılaraq ölkəyə gətirilib. Sosial şəbəkələrdə Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb. Azərbaycan DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən saxlanıb və istintaqa təhvil verilib.

F.Qasımovun saxlanılaraq Türkiyədən Azərbaycana gətirməsi Bakı ilə Ankara arasında koordinasiyalı işin getdiyini göstərir.

Fazil Mustafa 

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, F.Qasımovun həbs edilərək ölkəyə gətirilməsi və onun Q.İbadoğlu ilə əlaqəsinin olması barədə nəsə demək üçün çox tezdir:

“Qubad İbadoğlunun həbsi ilə bağlı ilkin versiyalar ictimaiyyətə təqdim olundu. Onun FETÖ terror təşkilatı ilə əlaqəsinin olması səbəbilə həbs edildiyi deyildi.

İndi Fazil Qasımovun Türkiyədə həbs edilərək ölkəyə gətirildiyi deyilir. Hesab edirəm hər iki məsələ ilə bağlı istintaq prosesi davam etdiyi üçün nəsə demək doğru deyil. Hər halda istintaqın gedişindən asılı olaraq məlumat veriləcək.

Sadəcə mən ümid edirəm ki, proses obyektiv şəkildə araşdırılıb ədalətli qərar veriləcək”.

Turan Rzayev
Globalinfo.az