milli meclis esas

Deputat Qüdrət Həsənquliyevin son müsahibələrindən birində dediyi “bu jurnalistlər deputat olmağa layiqdirlər” fikri son günlər müzakirə olunur. Bəzi jurnalistlər müsahibədəki bu hissəni sosial şəbəkələrdə paylaşılır və bundan hərə özünə pay götürür.

Bir sıra media təmsilçiləri Q.Həsənquliyevin məhz onu nəzərdə tutduğunu düşünür. Müşahidələrə görə, media rəhbərləri, jurnalistlər deputat olmaq üçün çox həvəs göstərirlər. Bunun səbəbi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi, tanınmış jurnalist Heydər Oğuz deyib ki, jurnalistlərin deputat olmaq istəməsi və olması normaldır.

Onun fikrincə, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan, siyasi analizlər aparan, dünyada və ölkədə baş verən hadisələri dəyərləndirən, onu bilən bir qüvvə varsa, o da əsasən jurnalistlərdir:

“Hətta alimlər də gəlib jurnalistlik edir. Bu mənada jurnalistlərin deputat olması yaxşı olar. Hesab edirəm ki, müəyyən jurnalistlərin deputatlığa namizəd olması fikri də normaldır. Elə adamlar var hansısa yolla deputat olub, ona görə indiyə qədər ağızlarından bir söz də çıxmayıb. Çünki onlar özləri də qanunvericiliklə məşğul olduqlarını bilmirlər. Amma jurnalistlər dünyada və ölkədə gedən prosesləri təhlil edirlər, insanlara çatdırırlar. Bir çoxları da mütəxəssisləşib, ixtisaslaşıb”.

H.Oğuz deyib ki, elə jurnalistlər var ki, dünya proseslərini bir çox siyasi şərhçilərdən, analitiklərdən və ya deputatlardan daha yaxşı təhlil edirlər:

“Siyasətdən anlayışı olan belə adam niyə deputat olmasın? Elə deputat var, adını eşitmişəm, amma nə üzünü görmüşəm, nə fikrini duymuşam. Tək mən yox, Azərbaycanın demək olar ki, böyük əksəriyyətinin öz deputatlarından xəbəri yoxdur. Amma jurnalist prosesləri bilir, qanunları oxuyur, qanunvericilik proseslərindən anlayışı var. Təbii ki, onların deputat olması normaldır. Onu da deyim ki, istənilən dövlətin ilk dövrlərində jurnalistlər adətən siyasətə qoşulurlar. Aristotelin gözəl bir sözü var, deyir: “sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olar”. İndi jurnalistlər istər-istəməz siyasətlə məşğul olurlar, ölkədə baş verən prosesləri çox gözəl dərk edirlər, bilirlər”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlının fikrincə, siyasi jurnalistika ilə məşğul olan jurnalistlərimizin parlamentdə üzv seçilməsi normaldır:

“Belə də olmalıdır. Qüdrət Həsənquliyevin də təklifində var ki, bu sahələr üzrə yetişmiş, formalaşmış, siyasətdən kənar olmayan siyasi jurnalistikanın nümayəndələri də parlament üzvü seçilə bilərlər. Qüdrət bəy həm də misal çəkmişdi ki, bir sıra NATO Parlament Assambleyası üzvləri var ki, onların bəziləri keçmiş generallar və mütəxəssislərdir. Bu mənada Q.Həsənquliyev deyir ki, Azərbaycanda siyasi jurnalistika ilə məşğul olan insanların parlamentə üzv seçilməsi baş versə, çox yaxşı olardı”.

N.Orduxanlının sözlərinə görə, nəinki jurnalistlərin, istənilən şəxsin parlamentə üzv seçilmək hüququ var:

“Qüdrət bəy parlamentin daha mükəmməl şəkildə olması üçün bu cür şəxslərin də orada təmsil olunmasını məqsədəuyğun hesab edir. Jurnalistlərin deputat olmasını bəzi jurnalistlər başqa cür şərh edirlər. Amma bu, doğru yanaşma deyil. Çünki hər kəsin parlamentdə seçilmək hüququ var”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: