cimerlik

Son zamanlar Xəzər dənizində boğulma hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Hətta bu il daha çox ailə faciəsinin şahidi olduq.

Bəs bu cür faciələrin qarşısını necə almaq olar?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Xəzər dənizində hər il insanların, xüsusilə də gənclərin və orta yaşlı şəxslərin boğularaq həyatını itirməsi, əlbəttə ki, ciddi narahatlıq doğurur:

“Hər il belə hadisə bir insan həyatının itirilməsi ilə yanaşı, ailənin faciəsi deməkdir. Ona görə də bu məsələyə yalnız statistika kimi deyil, ciddi ictimai təhlükəsizlik problemi kimi yanaşmaq lazımdır. Amma burada bir məsələni də düzgün qoymalıyıq: dövlət hər çimən vətəndaşın başı üzərinə ayrıca nəzarətçi qoymaq imkanına malik deyil. İnsanların təhlükəsizliyi ilk növbədə onların öz məsuliyyətli davranışından başlayır. Xüsusilə də küləkli havada, dalğalı dənizdə, qadağan olunmuş ərazilərdə və spirtli içki qəbul etdikdən sonra suya girmək son dərəcə təhlükəlidir. Valideynlər uşaqlarına, böyüklər isə özlərinə və yanındakı insanlara qarşı məsuliyyətli olmalıdırlar”.

Deputat bildirib ki, fərdi məsuliyyəti önə çəkmək dövlətin üzərinə düşən vəzifələri azaltmamalıdır:

“Çimərliklərdə xilasetmə xidmətlərinin fəaliyyəti, təhlükəli ərazilərin müəyyənləşdirilməsi, xəbərdarlıq nişanlarının yerləşdirilməsi, müşahidə və operativ müdaxilə imkanlarının gücləndirilməsi, insanların maarifləndirilməsi daim təkmilləşdirilməlidir. Xüsusilə qeyri-mütəşəkkil və nəzarətsiz çimərliklərdə təhlükəsizlik məsələsinə daha ciddi yanaşılmalıdır.

razi p 900x514 1

Razi Nurullayev

Burada əsas məqsəd hadisə baş verdikdən sonra xilas etməyə çalışmaq deyil, boğulma hadisəsinin baş verməsinin qarşısını əvvəlcədən almaqdır. Bunun üçün həm dövlət qurumlarının, həm bələdiyyələrin, həm çimərlik operatorlarının, həm də vətəndaşların üzərinə düşən konkret məsuliyyət müəyyənləşdirilməlidir”.

R.Nurullayev qeyd edib ki, insanlar dənizin əyləncə məkanı olmaqla yanaşı, real təhlükə mənbəyi olduğunu da başa düşməlidirlər:

“Xəzərin küləyi, dalğası və axını bəzən çox qısa müddətdə vəziyyəti dəyişə bilər. Suda özünə həddindən artıq güvənmək, sahildən uzağa getmək və xəbərdarlıqlara məhəl qoymamaq ağır nəticələrə səbəb ola bilər. Ona görə də məsələyə iki istiqamətdə yanaşmaq lazımdır: dövlət təhlükəsizlik və xilasetmə sistemini mümkün qədər gücləndirməli, vətəndaş isə öz həyatına görə məsuliyyətli davranmalıdır. Bu iki məsuliyyət bir-birini əvəz etmir, tamamlayır. Ən əsası isə cəmiyyətdə belə bir düşüncə formalaşmalıdır: “Mənə nəzarət edən olacaq” yox, “mən öz təhlükəsizliyimə özüm də cavabdehəm”. Dövlət bütün riskləri sıfıra endirə bilməz, amma düzgün təşkil olunmuş təhlükəsizlik sistemi və məsuliyyətli vətəndaş davranışı ilə faciələrin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: