Ermənistan iki hissəyə parçalana bilər – Şimalında Paşinyan, cənubunda isə…

Son günlər Ermənistanda müzakirə edilən başlıca mövzu ölkənin hansı yolu seçməsidir. Cəmiyyət Qərbə inteqrasiya ilə Rusiyanı seçmək arasında qütbləşib. Cəmiyyətdaxili fikir ayrılıqları və qütbləşmə özünü daha çox siyasi arenada qabarıq şəkildə büruzə verir.

Bəzi ekspertlər hesab edir ki, Ermənistandakı mövcud vəziyyət ölkənin iki hissəyə parçalanması ilə nəticələnə bilər: şimalı Paşinyanın hakimiyyətində Qərbmeyilli, cənubu isə Rusiyameyilli olaraq qalacaq.

Maraqlıdır, bu versiya nə dərəcədə doğrudur? Ermənistanı belə bir gələcək gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq hüquq üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ermənistanda vəziyyət hər gün pisləşir:

“İrəvan faktiki olaraq radikal və dəqiq qərar verməyə hazırlaşır. Hansı ki, bu qərar İrəvanın gələcəyini müəyyən edəcək.

Bu gün Ermənistanda fərqli maraq qruplarının mövqeyi kəsişir. Bu həm də da onu deməyə əsas verir ki, Ermənistan ərazisi müxtəlif əks-qüvvələrin toqquşma məkanına çevrilə bilər.

Bu gün rus hərbçilərin ölkəni tərk etməsi gündəmdədir. Artıq aeroportlardan çıxarılma tələbi rəsmi şəkildə edilib. Bunun ardınca 102-ci hərbi bazanın da tərk edilməsi istəniləcək.

Təcrübə göstərir ki, Qərbin bu planı uğursuzluqla nəticələnir. Misal üçün, Ukraynada bu, müharibə, Gürcüstanda isə az qala işğal ilə nəticələnirdi. Ermənistanda daha dəhşətli ssenari ortaya çıxa bilər. Söhbət ölkənin iki hissəyə parçalanmasından gedir”.

Turan Rzayev
Globalinfo.az