futbol

“Futbol üzrə dünya çempionatında tətbiq edilən Video Köməkçi Hakim (VAR) qaydaları 2026/27-ci il mövsümündən etibarən Azərbaycan Premyer Liqasında da tətbiq olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2026-cı il dünya çempionatında tətbiq olunan iki yeni VAR qaydası artıq Azərbaycan çempionatında da istifadə ediləcək.

“Bunlardan biri ikinci sarı vərəqədən sonra verilən qırmızı vərəqə qərarlarının VAR tərəfindən yoxlanılmasıdır. Digər yenilik isə küncdən zərbə qərarları ilə bağlıdır. Artıq bu iki epizodda VAR hakimləri oyuna müdaxilə edə biləcəklər”, – deyə Elgiz Abbasov qeyd edib.

PFL rəsmisinin sözlərinə görə, yeniliklərlə bağlı AFFA Hakimlər Komitəsi tərəfindən xüsusi təqdimat hazırlanaraq klublara təqdim olunub.

“Yaxın günlərdə həm klublar, həm də media nümayəndələri üçün geniş maarifləndirici seminarlar keçiriləcək”, – deyə o əlavə edib.

Elgiz Abbasov oyunlar zamanı tətbiq olunacaq su fasilələri qaydasına da aydınlıq gətirib. O bildirib ki, hava şəraiti müəyyən həddi keçərsə, baş hakim fasilə vermək səlahiyyətinə malik olacaq.

“Təlimata əsasən, oyun zamanı havanın temperaturu 32 dərəcədən yüksək olarsa, baş hakimin qərarı ilə hər hissədə bir dəfə su fasiləsi verilə bilər. Bu fasilə minimum 30 saniyə, maksimum isə üç dəqiqə davam edəcək”, – deyə PFL rəsmisi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/27-ci il mövsümünə avqustun 14-də start veriləcək.

Paylaş: