Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi – FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Surxay Məmmədov dəfn olunub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.

Dəfn mərasimində Daşkəsən Rayon və Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, Daşkəsən rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib və Surxay Məmmədovun şərəfli həyatından və döyüş yolundan söz açıb.

Daşkəsən rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Orxan Abbasov şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.

Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.

***11:05

Daşkəsəndə şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Hazırda şəhidin yaxınlarının yaşadığı evin önündə onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rəsmilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və çox sayda rayon sakini iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə Şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Surxay Məmmədov 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində şəhid olub. O, naməlum şəhid kimi İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunmuşdu.