Daşkəsəndə 86 yaşlı kişi və 77 yaşlı qadın qətlə yetirildi – TƏFƏRRÜAT / YENİLƏNDİ

Daşkəsəndə ər və arvadın qətlinin təfərrüatı məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Daşkəsən rayon Mədənçilər qəsəbəsində qətlə yetirilən 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın övladları olmayıb.

Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan səssiz insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində “Şaka” kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, ər və arvad yaşadıqları evdə küt alətlə aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Daşkəsən rayonunda qətl hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Globalinfo.az-a verdiyi məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın küt alətlə qətlə yetirilmələri məlum olub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Daşkəsən rayonu Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Zaira Akifqızı 

Globalinfo.az