“Danışıqlara gedib, o cinayətkarları gətirəcəyik” – Bakı hərəkətə keçir

Deputat Zahid Oruc Milli Məclisin son iclasında Prezident İlham Əliyev və ailəsinin təhqirə, hücuma məruz qalması ilə bağlı çıxış edib.

Prezidentin fiziki deyil, mənəvi-psixoloji baxımdan da qorunmasının vacibliyini önə çəkən deputat deyib:

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq”.
Həmçinin xaricdə olan Osmanqızı kimi kanallar, eyni zamanda Avropadan Azərbaycan Prezidentini hədəf alan digər şəxslərə qarşı hüquqi addımlar atılmasının vacibliyi vurğulanıb.

Bəs bu şəxslərə və dairələrə qarşı nə kimi tədbirlər görülməlidir? Xaricdən maliyyələşən və təhqir ifadələri işlətmələri ilə tanınan şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizə gətirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Prezident və onun ailə üzvlərinin şərəf və ləyaqətinin qorunması dövlət əhəmiyyətli bir məsələdir:

“Əslində bütün dünya dövlətlərində eyni yanaşma var. Ölkə rəhbəri dövlətin simvoludur. Dövlət başçıları özləri də müxtəlifdir. Elə rəhbərlər var ki, onlara ölkə daxilində ictimai dəstək, xalq sevgisi yoxdur. Lakin bütün xalqın birmənalı şəkildə dəstəklədiyi və arxasında dayandığı dövlət başçıları da var. Azərbaycan Prezidenti məhz belə rəhbərlərdəndir, tarixi zəfərə imza atmış bir liderdir. İlham Əliyev bütün ərazilərimiz üzərində suverenliyimizi tam və əbədi təmin etmiş bir dövlət başçısıdır. Hesab edirəm ki, bu reallıq fonunda Azərbaycan Prezidentinə qarşı yanlış, təhqir yolu seçmiş insanlar, həm də tarix qarşısında cavab verməli olacaqlar”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentini hədəf alan şəxslərin təhriqamiz ifadələr işlətməsi cinayət məsuliyyəti yaradır:

“Azərbaycan hüquqi dövlətdir. Belə dövlətlərdə insanın şərəf və ləyaqətinin alçaldılması, onun işgüzar nüfuzuna xələl gətirilməsi çox ciddi cinayət əməli hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq bəndləri üzrə cinayət məsuliyyəti yaradan hallar mövcuddur. Təəssüf ki, bu gün özünü bloger adlandıran və xaricdə məskunlaşmış bəzi şəxslər Azərbaycan Prezidenti və onun ailə üzvlərinə qarşı yanlış yol seçiblər. Onlar özlərini azərbaycanlı adlandırırlar, formaca belə ola bilərlər, amma mahiyyətcə ermənidən çox ermənidirlər. Dövlət başçısına qarşı təhqiramiz ifadələr işlədirlər ki, bu da cinayət məsuliyyəti yaradan bir məsələdir. Biz hüquqi dövlət olduğumuz üçün bu kimi şəxslərin hüququ müstəvidə lazımı cəza almaları əsas hədəfimizdir”.

E.Nəsirov Bakının beynəlxalq hüququn imkan verdiyi çərçivədə bu məsələləri tənzimləməyə çalışdığını vurğulayıb:

“Diqqət etmək lazımdır ki, həmin şəxslərin məskunlaşdığı ölkələrdə ermənipərəst siyasi dairələr çox güclüdür. Onlar da bu dairələrin əlində bir alətə çevriliblər. Düşünürlər ki, bu, onlar üçün toxunulmazlıq imkanı yaradacaq. Səhv edirlər, bəlkə də bu gün belədir, amma sabah necə ola biləcəyini unutmasınlar. Bir şeydən arxayın olsunlar ki, Azərbaycan dövləti və müvafiq qurumlarımız onlara qarşı heç bir halda hüquqi müstəvidən kənar mübarizə aparma yolunu seçməyib. Hər şeyin qanun çərçivəsində irəliləməsi xəttini seçmişik. Xəyanət yolunu seçənlər isə gec-tez elə öz sahibləri tərəfindən kənara atılırlar”.

“Avropa ölkələrində hakimiyyətlər dəyişir, yeni qüvvələr hakimiyyətə gəlir. Biz beynəlxalq hüquqa söykənərək yeni hakimiyyətlərlə danışıqlara gedib cinayətkarların cəzalandırılması istiqamətində addımlar atacağıq. Azərbaycan hökuməti mümkünsüz görünəni mümkün edib, Xankəndidə bayrağımızı ucaldıb. Belə olan halda hesab edirəm ki, ermənilərin əlində ünsür olan cinayətkarların Azərbaycana gətirilməsi və məsuliyyətə cəlb edilməsi zaman məsələsidir, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az