1456641133

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Mən həyatda çox xoşbəxtəm ki, 6 ildən bir qədər çox vaxt ərzində dünya siyasət meydanında öz möhrünü vurmuş dahi bir rəhbərin idarəçilik  məktəbini keçdim. Bu məktəbdə əldə etdiyim təcrübəni dünyanın heç bir yerində, heç bir məktəbində əldə etmək mümkün deyildi. Bu mənə qismət oldu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri 1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri olmuş Fikrət Yusifov deyib.

O bildirib ki, Heydər Əliyev 1987-ci ildə Moskvada vəzifədən uzaqlaşdırıldıqdan sonra onun nə vaxtsa geriyə dönüb yenidən Azərbaycana rəhbərlik etməsini çox arzulayırdı:

“Dahi siyasətçinin vətənə dönüşündən sonra, 1990-cı ildə Naxçıvana gedib onunla görüşdüm. Bir saata qədər çəkən görüşün sonunda onun dediyi “mən Bakıya qayıdacam, özü də mütləq qayıdacam” sözlərinin məndə oyatdığı bənzərsiz təəssüratla Bakıya döndüm. Heydər Əliyev dedi və öz sözünü tutdu.

O, Bakıya döndü və Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Heydər Əliyev Bakıya dönəndə mən artıq Respublika maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdım. O, məni təxminən bir ildən sonra ölkənin maliyyə naziri vəzifəsinə təyin etdi. Çətin vaxtlarda elə gün olurdu ki, mən onun yanında 2-3 dəfə olur və gün ərzində dəfələrlə telefonla danışırdıq. O, naşı idarəçilərin çox çətin bir duruma saldıqları gənc dövləti addım-addım bataqlıqdan çıxarırdı.

Ulu Öndərin xatirəsi bizlərin və gələcək nəsillərin qəlbində əbədi olaraq yaşayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: