Daha iki ölkənin texnikası Hərbi Qənimətlər Parkına gətiriləcək – Ekspert

Ermənistan 12 fevralda atəşkəsin özləri tərəfindən pozulduğunu etiraf Edib. Belə ki, “Mülkü Müqavilə” partiyasından olan deputat Akop Aslanyan Sünik (Zəngəzur – red.) vilayətinin Nerkin-And kəndinin sakinləri ilə söhbətdən sonra atəşkəsin erməni hərbçilər tərəfindən pozulduğunu açıqlayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, Ermənistan belə addımlarla daxili auditoriyanı sakitləşdirmək istəyir:

“Onlar separatizm meyillərindən heç vaxt əl çəkməyiblər. Beynəlxalq aləmdə ən ağır cinayətlər hesab olunan soyqrım, terror və s. həyata keçiriblər. Buna baxmayaraq, Azərbaycan istəyir ki, bölgədə sülh və barışıq əldə olunsun. Ermənistan isə buna əməl etmir, əksinə Fransa və Hindistandan silah-sursat almaqla məşğuldur. Bu silahlar da Bakıdakı Hərbi Qənimətlər Parkına gətiriləcək. Zamanında “İsgəndər” raketi ilə göstərdikləri “şou”nu davam etdirmək istəyirlər, amma indi vəziyyət fərqlidir. Ermənistan ordusunun zabit və gizirləri böyük ruh düşkünlüyü yaşayırlar. Ordunu idarə edənlər də məhz onlardır, əsgərlər yox”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusu modelinə uyğunlaşdırılır:

“Azərbaycanda insan resursları, iqtisadi imkanlar çoxdur. Ölkəmiz Ermənistandan fərqli olaraq ordunu gücləndirir, müasir silahlar alır. Orduda ən əsas döyüş ruhu, psixoloji hazırlıqdır. Azərbaycan gənclərində də bu, yüksəkdir. 44 günlük müharibə bunun bariz nümunəsi idi. Ermənistan Azərbaycana qarşı təxribatçı addımlar atır və cavabını alır. Onun genişmiqyaslı müharibəyə başlamağa gücü yoxdur. DSX-nin keçirdiyi qisas əməliyyatı bir daha ermənilərə xatırlatdı ki, Azərbaycanla münaqişəyə girmək onlara baha başa gəlir”.

Safura Bənnayeva
Globalinfo.az