Daha bir yanğın – 7 otaqlı evin 4 otağı kül oldu

Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, yanğın saat 18:40-da rayonun Baş Küngüt kəndində olub.

Hadisə kənd sakini Valeh Mövlan oğlu Rəsulova məxsus, ümumi sahəsi 315 kvadratmetr olan evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin 4 otağının yanar konstruksiyaları içərisində olan əşyaları ilə birlikdə yanıb.

Digər otaqlarda isə tavan zədələnib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı evin zirsəmisində olan 3 ədəd müxtəlif tutumlu maye qaz balonları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə daşınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.