Ötən il 19-20 sentyabr tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Samir Sadıqovun övladı doğulub.
Globalinfo.az xəbər verir ki, Amir adı verilən körpənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Körpənin ilkin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Qeyd edək ki, Samir Cəbrayıl oğlu Sadıqov 22 avqust 2000-ci ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Hərbi xidmətini tamamladıqdan sonra müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi xidmətinə davam edib. Şəhid Ağstafa rayon Qırılı kənd qəbiristanlığında torpağa tapşırılıb.