Ağalıya köç edən ailələrə mənzillərin açarı təqdim edildi – YENİLƏNİB

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 95 nəfərdən ibarət 17 ailənin növbəti köçü baş tutub.

Bu barədə Globalinfo.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakıdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bugünədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 150 ailə, 744 nəfər köçürülüb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülən əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Həmçinin, bu həftənin şənbə günü – 28 oktyabr tarixində də Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurdlarına geri qayıdacaq.

***09:07

Oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Belə ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə – 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 150, yəni 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları-şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma yolu ilə aparılıb. Püşkatma oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.