Cüdoçunun qətli ilə bağlı yeni görüntü: gözdən qaçan məqam – Video/18+

Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovun digər idmançı Ruslan Səfixanov tərəfindən qətlə yetirməsi ilə bağlı sirli məqamlar hələ də qalmaqdadır.

Globalinfo.az bildirir ki, məsələnin müəmmalı tərəflərindən biri də cinayətdə istifadə olunan bıçağın belə bir idman arenasına necə buraxılmasıdır. Onu da qeyd edək ki, cinayət aləti ilə bağlı ikibaşlı fikirlərin ortaya çıxması bu müəmmanı bir qədər də dərinləşdirib.

Belə ki, adının açıqlanmasını istəməyən mənbə saytımıza verdiyi açıqlamada qətli törədən Ruslanın bıçağı tort kəsmək üçün götürdüyünü iddia edib.

Sitat:

“Deyilənə görə, kiminsə ad günü imiş. Onlar da tort kəsəcəkdilər. Bıçağı sırf tort kəsmək niyyəti ilə gətirib. Tort kəsildikdən sonra da bu hadisə baş verib”.

Qətli törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun atası əməkdar məşqçi Elçin Səfixanov bir qədər sonra verdiyi açıqlamada başqa bir versiya səsləndirib.

Sitat:

“Oğlum həmin vaxt ora özündən aşağı yaş qruplarının yarışını izləməyə gedib. Özü dekabr ayında güləşəcəkdi. Kolbasa alıblar ki, oturub bir tikə yesinlər. Doğramaq üçün bıçaq olmayıb və gedib yaxınlıqdan 3 manata bıçaq alıb gətiriblər. Yedikdən sonra tələsib ki, getsin özündən kiçik olan dostunun yarışını izləsin. Deyilənə görə, yol istəyib, qarşı tərəf narazılıq edib və nəticədə əlbəyaxa olublar. Sonu da belə… Vallah, övladım olduğu üçün demirəm, Ruslan belə uşaq deyildi”.

Məhz bıçağın idman arenası gəlmə səbəbi ilə bağlı iki versiyanın olması müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri sözügedən iki versiyanın səsləndirilməsinin birmənalı olmadığını deyiblər. Onlar tərəflər arasında daha əvvəl də hansısa münaqişəli vəziyyətin olduğunu iddia etsələr də, hadisə iştirakçılarının yaxınları bunu qəti şəkildə təkzib edirlər və qətlin ani anlaşılmazlıqdan qaynaqlandığını deyiblər.

İctimaiyyətdə narahatlıq doğuran əsas məqam isə sözügedən idman arenasında, eləcə də digər bu kimi məkanlarda təhlükəsizliyin yetərli qədər təmin olunmamasıdır. Təbii, bütün bu və digər proseslər istintaq prosesində aydınlaşacaq.

Qeyd edək ki, noyabrın 27-də Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Hadisəni törədən Ruslan Səfixanov saxlanılıb. Qətllə bağlı araşdırma aparılır.

***10:47

Bu arada, sosial şəbəkələrdə hadisənin başvermə anının yeni görüntüləri yayılıb.

Zəruri qeyd: ürəyi zəif, həssas insanların sözügedən kadrları izləməsi tövsiyə olunmur.

 

Zaira Akifqızı
Globalinfo.az