“COP29”-un Bakıya gəlməsinin üstünlükləri – Nə əldə edəcəyik?

“COP29” konfransının Bakıda keçirilməsi Azərbaycana siyasi və iqtisadi dividentlər gətirəcək”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, siyasi dividentlər bölgədə yeni reallığın beynəlxalq ictimaiyyətə əyani şəkildə təqdim etməkdir:

“Qarabağ məsələsi artıq bitib və yeni dövr başlayır. Bu reallığı qəbul etmək istəməyənlər hələ də var. Azərbaycan beynəlxalq səviyyəli tədbirlə yeni reallıqların yarandığını, yeni dövrün başladığını nümayiş etdirəcək. Bununla yanaşı, belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq nüfuzun güclənməsi baxımdan əhəmiyyətlidir”.

Asif Nərimanlı

Analitik qeyd edib ki, iqtisadi dividentlər xarici investorların diqqətini Azərbaycanın “yaşıl enerji” potensialına çəkmək olacaq:

“Xarici şirkətlər yalnız sülhün, sabitliyin olduğu bölgələrə uzunmüddətli investisiya yatırır. Azərbaycanın xüsusilə işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” potensialı böyükdür. Bu konfrans da göstərəcək ki, bölgədə sabitlik dövrü başlayır və xarici investorların azad edilmiş ərazilərə investisiya yatırması imkanları genişlənəcək”.

Turan Rzayev
Globalinfo.az