qadin maas

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Globalinfo.az bildirir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə işəgötürənin əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri təkmilləşdirilir.

Layihəyə əsasən, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.

Sənədə əsasən, işəgötürən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabərdəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Paylaş: