Çin Bakıya qarşı hansı plana mane olub? – Politoloq açıqladı

Azərbaycan-Çin münasibətləri son illərdə daha da inkişaf edib. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötəngünkü mətbuat konfransında buna toxunub. Rəsmi Pekinin Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməsi, Zəngəzur dəhlizi layihəsinin həyata keçməsində maraqlı olması, Orta Dəhliz layihəsinin reallaşmasını istəməsi diqqət çəkir. Rəsmi Bakının Qərblə münasibətlərinin vaxtaşırı dəyişməsi də Çini Azərbaycanla yaxınlaşdırır.

Maraqlıdır, Çini Azərbaycan üçün əhəmiyyətli edən nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanla Çin arasında iqtisadi-siyasi təmaslar, münasibətlər yüksək səviyyədədir:

“Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 2023-cü ildə baş verən bütün siyasi proseslərdə də Pekin Bakının yanında olub. Siyasi münasibətlərdə diqqətçəkən əsas məqam hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir.

Azərbaycan Tayvan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh ilə həll edilməsini dəstəkləyir. Bununla belə Çinin ərazi bütövlüyünü də dəstəkləyirik. İki ölkə arasında qarşılıqlı inam var.

Elxan Şahinoğlu

Çin-Azərbaycan münasibətlərində daha bir mühüm məqam Ermənistanla bağlıdır. Bir müddət öncə rəsmi İrəvan Çindən silah almaq istəsə də, Pekin razı olmadı. Bu da şübhəsiz ki, Azərbaycan faktorundan qaynaqlanır.

Çin balans siyasətinə önəm verir, lakin Azərbaycanla münasibətləri korlayacaq addımlardan qaçır. Çünki iki ölkə arasında iqtisadi sahədə də mühüm əlaqələr var. Rəsmi Pekin Bakı ilə iqtisadi münasibətlərə xüsusi önəm verir, burada Zəngəzur dəhlizi məsələsi də yer alır. Pekin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Zəngəzur dəhlizinin açılmasını istəyir və sözügedən istiqamətdə Azərbaycana dəstək verir”.

Turan Rzayev
Globalinfo.az