Çindən Bakıya göndərilən xüsusi məktub – Şifrələr… plan budur

“Bu gün Çin dünyanın ən güclü dövlətlərindən və güc mərkəzlərindən biridir. Dünya bazarlarında Çinin xüsusi çəkiyə malik olması və getdikcə güclənməsi Pekinin geosiyasi çəkisini də əhəmiyyətli dərəcədə artırıb”.

Bunu Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu Çin Xalq Respublikasının sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ nə qədər Çinin getdikcə güclənən iqtisadiyyatını və geostrateji mövqeyini zəiflətməyə çalışsa da bu, mümkünsüz görünür:

“Formalaşmaqda davam edən yeni dünya düzənində, çoxqütblü dünyada Çin əhəmiyyətli rola və təsir imkanlarına malikdir. Azərbaycanın yaxın və uzaq proyekt hədəflənən xarici siyasətində Çin ilə əlaqələr mühüm yer tutur. Bu gün Çinin Azərbaycana etibarlı tərəfdaş kimi önəm verməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan “Bir kəmər, bir yol” layihəsi daxil olmaqla Çinlə müxtəlif sahələrdə əməkdaşlıq edir.

Çin-Azərbaycan münasibətlərinin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevin rolu əvəzsizdir. Bu baxımdan Çin dövlət rəhbərinin Azərbaycan Prezidentinə ünvanladığı məktub təsadüfi deyil və iki dövlət arasındakı yaxın münasibətləri özündə ehtiva edir. Azərbaycan düşünülmüş, dəyişən konfiqurasiyaları ciddi şəkildə təhlil edərək Çinlə əməkdaşlığa önəm verir və hesab edirəm, bu münasibətlər yüksələn xətt üzrə davam edəcək”.

Turan Rzayev
Globalinfo.az