Çində koronavirus qadağalarına etirazlar keçirilir

Çinin bəzi böyük şəhərlərində koronavirusla əlaqədar tətbiq edilən qadağalara, eləcə də Kommunist Partiyasına qarşı etirazlar keçirilir.

Globalinfo.az Modern.az-a istinadən bildirir ki, Pekində, Şanxayda, Quançjouda və digər şəhərlərdə nümayişlər baş tutub. Sosial şəbəkələrdə etiraz aksiyaları ilə bağlı videolar yayımlanıb. Bəzi bölgələrdə polisin aksiyalara sərt müdaxilə etdiyi və etirazçıları dağıtdığı qeyd olunur.

Noyabrın 25-indən bəri Çində ən azı 50 universitetdə müxtəlif etiraz aksiyaları keçirilib.

KİV-in məlumatına görə, ölkədə etirazlar Urumçi şəhərində yaşayış binasında baş verən yanğında on nəfərin ölməsindən sonra başlayıb. Yerli sakinlər hesab edir ki, ölənlər sərt antikoronavirus məhdudiyyətləri səbəbindən binanı tərk edə bilməyiblər.

Noyabr ayında Çində epidemioloji vəziyyət pisləşib, bəzi bölgələrdə yerli koronavirus epidemiyaları qeydə alınıb. Pandemiya ilə mübarizə aparmaq üçün səlahiyyətlilər ciddi məhdudiyyətlər və məcburi PCR testi tətbiq edib.