Cinayət törətmiş transseksuallar hansı həbsxanada saxlanılır? – Hüquqşünas açıqladı

 

“Bravo” hipermarketinə basqının iştirakçılarından birinin LGBT+ fərdinin, yəni transın (cinsini dəyişdirmiş şəxsin) evində gizləndiyi haqda mediada məlumat yayılmışdı. Buna görə onun polis tərəfindən saxlanıldığı bildirildi. Düzdür, sonradan cinayət ortağı kimi bilinən trans açıqlama yayıb, deyib ki, saxlanılmayıb.

Buna baxmayaraq ortaya sual çıxır: bu kimi şəxslər cinayət məsuliyyətinə cəlb edildikləri zaman onların cəmiyyətdən təcridi necə həyata keçirilir? Hansı cəzaçəkmə müəssisəsinə göndərilirlər? Qanunvericilikdə bu insanlarla bağlı hər hansı ayrıcalıq, istisna mövcuddurmu? Əvvəl kişi olmuş, sonradan cinsini dəyişdirmiş şəxs cinayət törətdiyi zaman qadınların, yoxsa kişilərin saxlanıldığı cəzaçəkmə müəssisəsinə salınır?   

Şamil Paşayev

Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Şamil Paşayev şəxslərin müvafiq kateqoriyalara uyğun olaraq cəzaçəkmə müəssisələrinə göndərildiklərini bildirib:

“Şəxslərin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanması iki qanunla, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının “Cəzaların İcrası Məcəlləsi” ilə tənzimlənir. Təqsirləndirilən, eyni zamanda məhkum olunmuş şəxslərin ləyaqətli şəkildə özlərinə hörmət hissinin saxlanılması, hüquqlarının qorunması qanunvericiliyin əsas prioritet məsələlərindəndir.

Təqsirləndirilən şəxslər və məhkumlar müxtəlif kateqoriyalara ayrıla, buna uyğun olaraq saxlanılmaları həyata keçirilə bilər. Məsələn, qadınların kişilərdən, yetkinlik yaşına çatmayanların böyüklərdən, xüsusi residivist şəxslərin ilk dəfə cinayət törədənlərdən ayrı saxlanılmasını qeyd edə bilərik”.

Hüquqşünas LGBT+ fərdləri ilə bağlı qanunvericilikdə ayrıca maddələrin müəyyən edilmədiyini söyləyib:

“Ümumilikdə Azərbaycan qanunvericiliyi insanlara kişi və qadın olaraq yanaşır. Qanunvericilikdə LGBT+ şəxslərlə bağlı hər hansı xüsusi maddə və müddəa yoxdur. Ona görə də həmin fərdlərin müvafiq kateqoriyaya ayrılması konkret olaraq göstərilmir. Amma qanunvericilikdə müxtəlif kateqoriyalı şəxslər və cinayətlər üzrə ayrı saxlanılmanın mümkün olduğu qeyd edilir. Adətən həbsxanaların daxili qaydalarına əsasən LGBT+ fərdlərinin cəzaçəkmə zamanı digər dustaqlardan ayrı saxlanılması təmin olunur.

Ümumi olaraq şəxslərin cinsi oriyentasiyasına görə onlara qarşı ayrı-seçkilik etmək, hüquqlarını məhdudlaşdırmaq, daha əlverişli, yaxud əlverişsiz şəraitdə saxlamaq Avropa Məhkəməsinin presedent hüququna, Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Ona görə də məhkumlar arasında xüsusi fərqləndirmə olmadan, cinsi oriyentasiyasına görə şəxsə üstün, yaxud məhdudlaşdırıcı davranışlar göstərilməməlidir. LGBT+ fərdlərinə də hörmətlə yanaşılmalı, onların hüquqları və qanuni mənafeləri müdafiə edilməlidir. Amma nəticə olaraq onlar üçün xüsusi saxlanma şəraiti qanunvericilikdə göstərilmir”.

Ayşən Mustafa
Globalinfo.az