Çin lideri Səudiyyə Ərəbistanına gedəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bildirib ki, Çin rəhbəri Si Cinpin tezliklə Səudiyyə Ərəbistanına səfər edəcək.

Globalinfo.az bildirir ki, Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər və iki ölkə arasında yüksək səviyyəli görüşlərin elan edilməsi Çinin xarici işlər naziri Vanq Yi və şahzadə Faysal arasında aparılan danışıqlardan sonra verilib.

“Görüşümüz mühüm vaxta təsadüf etdi, çünki səfər Çin rəhbərinin böyük maraq göstərdiyi Səudiyyə-Çin sammiti, Körfəz-Çin sammiti və Ərəb-Çin sammiti ərəfəsində baş tutacaq.  Krallıq bu tədbirlərin uğuru üçün bütün işləri başa çatdırmağa çalışır”, – şahzadə Faysal Səudiyyə Ərəbistanının Əl Ekhbariya telekanalına bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında tarixi və möhkəm münasibətlər ümumi prinsiplərə və qarşılıqlı hörmətə əsaslanır ki, bu da “beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”.

Si Cinpin sonuncu dəfə Səudiyyə Ərəbistanına 2016-cı ildə səfər edib. 2019-cu ildə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pekinə səfər edib.