Cığatel İsaqızının oğlundan xəbər var

“Oğlum balasını dəfn edə bilmədi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında şairə Cığatel İsaqızı deyib.

O bildirib ki, oğlu övladının vəfat etdiyini bilmir:

“Balam komadan ayılıb, əməliyyat olunub. Artıq özünə gəlir və danışır da. Amma oğlunun başına gələnlərdən xəbərsizdir. Bu gün bir neçə adam gedib oğlumla görüşdü, mən gedə bilmədim (ağlayır). Həmin vaxt körpə balamı yola salırdım. Ona bu yaxınlarda kiçik toy etmişdik. Çox yaraşıqlı uşaq idi. Başımıza gələnlər nəvəmi bizdən ayırdı”.

C.İsaqızı digər nəvəsinin səhhəti haqda da danışıb:

“Avtomobildə oğlumun qızı da olub. O yüngül xəsarətlər alıb. Çox şükür Cığatel sağ-salamatdır”.

Qeyd edək ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində şairə Cığatel İsaqızının oğlu 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə xəstəxanasına yerləşdirilib, 2014-cü il təvəllüdlü nəvəsi Qasımov Süleyman Ayaz oğlu isə hadisə yerində ölüb.

Zaira Akifqızı
Globalinfo.az