668735 2

Kamal Kılıçdaroğlunun məhkəmənin qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasında (CHP) rəhbərliyə qayıtması partiya daxilində qütbləşmə yaradıb. Çərşənbə axşamı keçirilən fövqəladə iclasda kimin çıxış edəcəyi ilə bağlı müzakirələrdən sonra Ankara meri Mənsur Yavaşın çağırışından sonra Kılıçdaroğlu qrup toplantısı keçirmək israrından imtina edib. Nəticədə qrup sədri Özgür Özel Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup zalında millət vəkilləri qarşısında çıxış edib, sədr Kamal Kılıçdaroğlu isə partiyanın qərargahında partiya üzvləri ilə görüşüb. CHP-də “mütləq butlan” (mütləq etibarsızlıq) elan edilməsi qərarından sonra başlayan liderlik mübarizəsində bütün diqqətlər bugün keçiriləcək və iki tərəfin ilk dəfə eyni zalda qarşılaşacağı Partiya Şurasının iclasına yönəlib.

CHP daxilində siyasi çəkişmələr seçkilərdə kimin namizədliyinin irəli sürüləcəyi məsələsini də ön plana çıxarır. Ana müxalifət partiyasındakı böhranlı vəziyyət nə ilə bitəcək?

Globalinfo.az-a danışan Ülke TV-nin (Türkiyə) “Xəbərlər” departamentinin direktoru Mehmet Mustafa Yıldız deyib ki, Türkiyədə seçkilərin vaxtı və ya namizədlər ilə bağlı dəqiq bir mənzərə yoxdur:

“Bu həftə baş verənlər CHP daxilində son qurultay və məhkəmə prosesinin və qərarının nəticəsidir. Bu qərarın məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından siyasiləşdirilməməsi vacibdir. Həm Türkiyədə, həm də Azərbaycanda məsələyə bu prizmadan yanaşmaq daha məqsədəuyğun olardı”.

3723b5a0 f1b8 47f8 ae54 5577395767bd

Mehmet Mustafa Yıldız

Mustafa Yıldız hal-hazırda CHP-də liderlik böhranının yaşandığının doğru olduğunu bildirib:

“Lakin hamı ümid edir ki, bu böhran bu həftə müzakirələr aparılmaqla qarşıdakı dövrdə bir şəkildə həll olunacaq. Problem ondadır ki, keçmiş sədr Özgür Özel və komandası “mütləq butlan” qərarından sonra vəzifələrini Kamal Kılıçdaroğlu və onun komandasına təhvil vermək istəmirlər. Siyasi vəziyyət mürəkkəb görünsə də, tərəflərin sonda proses naminə kompromisə gələ biləcəyini düşünmək olar.

Lakin unutmaq olmaz ki, hazırda Türkiyənin gündəliyində nə prezident seçkiləri, nə də ümumi seçkilər yoxdur. Əslində, hətta deyə bilərik ki, seçki atmosferinə girməzdən əvvəl Türkiyə iqtisadiyyat, beynəlxalq münasibətlər, mövcud münaqişələr, Qəzzadakı soyqırım və İrandakı müharibə kimi vacib qarşıdurma zonalarında problemləri həll etmək iradəsini nümayiş etdirməlidir. Buna görə də, Türkiyə seçki atmosferinə girdikdən sonra, fərdlərdən asılı olmayaraq, siyasi məsələləri müzakirə etmək daha məqsədəuyğun olardı”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: