Ceyms Obrayen geri dönüş etdi

ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana səfəri zamanı nələr söyləyəcəyi səbirsizliklə gözlənilirdi. Çünki Ceyms Obrayen Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu. Amerikalı diplomatın Azərbaycan əleyhinə çıxışından sonra 1) xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən; 2) rəsmi Bakı Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən imtina etmişdi. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Buna görə də dövlət katibi Entoni Blinken Bakıya zəng edərək prezident İlham Əliyevin Ceyms Obrayenin Bakıda qəbulunu xahiş etdi. Görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller “biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı” açıqlamasını səsləndirdi.

Gözlənildiyi kimi, Bakıda Ceyms Obrayenlə İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi.

Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi.

Ceyms Obrayen İlham Əliyevin sözlərini təsdiqlədi. Amerikalı diplomat ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms Obrayen danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. O bundan başqa Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı.

Beləliklə, Ceyms Obrayen Konqresdəki sözlərindən imtina etdi. Ancaq bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini siyasətində göstərməlidir. Brayn və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Globalinfo.az