XİN rəhbərlərinin danışıqları başa çatdı – YENİLƏNİB

28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.

***13:37

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.

***00:32

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün də davam edəcək.

Globalinfo.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd edib ki, dünən və sabah kimi birbaşa dialoq gələcək irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur.

Qeyd edək ki, dünən Mirzoyan və Ceyhun Bayramov əvvəlcə ikitərəfli, daha sonra Berbokun iştirakı ilə üçtərəfli formatda görüş keçirib.