Ceyhun Bayramov onlarla bu məsələləri müzakirə etdi – FOTO

Aprelin ikisində xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.

Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Kanevskiyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

***

Aprelin ikisində xarici işlər naziri Ceyhun Bayramov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüşdə Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, beynəlxalq səviyyədə İslam dininə qarşı təhdidlər, dini həmrəylik məsələləri müzakirə olunub.

Nazir ölkəmizin İslam dünyasında birlik və həmrəyliyin təşviqinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə qarşılıqlı dəstək və əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Ölkəmiz tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi, o cümlədən İslamofobiya kimi təhlükəli tendensiyalarla mübarizə istiqamətində həyata keçirilən layihələrdən bəhs edən nazir Ceyhun Bayramov, bəzi Qərb ölkələrində İslam əleyhinə aparılan siyasətin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Baş katib Məhəmməd Əbdülsalam Azərbaycanın İslam dünyasında əməkdaşlığa verdiyi töhfələrin, eləcə də postmünaqişə dövründə sərgilədiyi mövqe və sülh təşəbbüsü ilə çıxış edən tərəf olmasının təqdirəlayiq hesab edildiyini diqqətə çatdırıb. Ötən ilki təcrübəyə uyğun olaraq, bu il də COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə ilə əlaqədar dini liderlər tərəfindən birgə təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətli olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.